36 yaşlı qabonlu veteran mərkəz hücumçusu Pyer-Emerik Obameyanq “Əl-Kadisiya”dan ayrılaraq azad agentə çevrilib.
Arena.az bu barədə “Əl-Kadisiya”nın mətbuat xidmətinə istiandən məlumat verir.
Obameyanq müqaviləsinə birtərəfli qaydada xitam verib. Xatırladaq ki, qabonlu futbolçu 2024-cü ilin iyul ayında Səudiyyə Ərəbistanı klubu ilə 2 illik müqavilə imzalamış və Marsel “Olimpik”indən ərəb klubuna keçmişdi.
Daha əvvəl isə mətbuatda, Obameyanqın keçmiş klubu Marsel “Olimpik”inə qoşula biləcəyi haqda məlumat yayılıb.
Obameyanq “Milan”ın məzunudur. Hücumçu, karyerası ərzində icarə əsasında “Dijon”, “Liil” və “Monako”da və həmçinin tamhüquqlu əsasda “Sent-Etyen”, “Borussiya” (Dortmund), “Arsenal”, “Barselona”, “Çelsi”, “Olimpik” (Marsel) və “Əl-Kadisiya”da çıxış edib.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə Obameyanq “Əl-Kadisiya” üçün 36 oyuna çıxıb, 21 qol vurub, 3 məhsuldar ötürmə verib.
Pyer-Emerik Obameyanq 2009-cu ilin mart ayında debüt etdiyi Qabon yığmasının heyətində 78 oyuna 35 qol vurub, 10 məhsuldar ötürmə verib. Əlavə edək ki, Obameyanq Fransanın U-21 yığmasında debüt etsə də, sonradan vətəni Qabonun xeyrinə seçim edib.
“Transfermarkt” internet-portalı 36 yaşlı qabonlu veteran mərkəz hücumçusunun transfer dəyərini 5 milyon avro məbləğində qiymətləndirir.