Böyük Britaniyanın Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan “Anglo Asian Mining Plc.” (AAM) şirkəti Qarabağdakı Dəmirli yatağında mis hasilatına başlayıb
Turkustan.az bu barədə mədən şirkətinə istinadən xəbər verir. Bu, şirkətin cari ildə istismara verdiyi ikinci yeni mədən olmaqla, onun çoxşaxəli və orta səviyyəli mis istehsalçısına çevrilmək strategiyasını dəstəkləyir.
Şirkətin proqnozuna görə, 2025-ci ildə Dəmirlidə 4 min ton mis konsentratı hasil olunacaq, 2026-cı ildən etibarən isə bu rəqəm illik 15 min tona qədər artacaq.
Mənbəyə əsasən, Dəmirli açıq üsulla istismar edilən böyük mədən olub, filiz flotasiya zavoduna daşınır. Layihə üzrə ətraf mühit və sosial təsir qiymətləndirməsi (ESIA) başa çatdırılıb, yeni tullantı anbarı üçün texniki layihələr hazırlanıb.
Mədən və emal sahəsində 150-dək yeni işçi işə götürülüb, əlavə 50 nəfər isə digər mədənlərdən köçürülüb. Anglo Asian, həmçinin yaxın ərazidə yeni mis ehtiyatlarının araşdırılmasını planlaşdırır.
Şirkətin baş icraçı direktoru Rza Vəzirov bildirib ki, Dəmirlidə hasilatın bu qədər qısa müddətdə başlaması böyük uğurdur və bu mədən Qarabağ iqtisadi rayonunun bərpasına töhfə verəcək.
Qeyd edək ki, Anglo Asian Mining Azərbaycanda qızıl, mis və gümüş hasilatı ilə məşğuldur və 2030-cu ilə qədər illik 50-55 min ton mis hasilatına nail olmağı hədəfləyir. Şirkət bu strategiya çərçivəsində 2025-ci ilin mayında Gilar mədənini də istismara verib. /modern.az/