AZ

Kafedə müştərinin çənəsini sındıran müharibə iştirakçısı məhkəmə zalından azadlığa buraxıldı

Abşeron Rayon Məhkəməsində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Aməddin İsrafilovun (soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elman Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 2 il 2 gün azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib və məhkəmə iclas zalında həbsdən azad olunub.


İttihama görə, hadisə 27 may 2023-cü il tarixdə, saat 23:30 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, “Köhnə Bazar” deyilən ərazidə yerləşən adsız kafedə qeydə alınıb.


Belə ki, Aməddin İsrafilov həmin kafedə pivə içib sərxoş olduqdan sonra digər müştəri, zərərçəkmiş Elsevər Kərimovla (soyadı şərtidir) mübahisə edib. Buna səbəb isə sərxoş vəziyyətdə olan zərərçəkmişin obyektdəki digər müştəriləri söyməsi olub. Bu zaman o, Elsevərin sifətindən qəsdən yumruqla bir neçə dəfə vurub onun alt çənəsini sındırıb.


Hadisədən sonra Aməddin İsrafilov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Lakin Abşeron Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ilə əvəz edilərək barəsində axtarış elan edilib. 05 may 2025-ci il tarixdə isə tutularaq Bakı istintaq təcridxanasına təhvil verilmişdi.


Qeyd: Aməddin İsrafilov məhkəmə ifadəsində II Qarabağ müharibəsi iştirakçısı olduğunu və məhkəmədən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın verilməsini xahiş etmişdi.

 

Kamal Məmmədov 

Tarix: 11 Avqust 2025, 08:46   
Seçilən
16
21
pravda.az

10Mənbələr