AZ

Kişi onunla kobud danışan arvadını döyərək məhkəməlik oldu - HÖKM

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Zaman Bəkirzadənin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.


İttihama görə, hadisə 25 iyul 2025-ci il tarixdə, saat 22:45 radələrində paytaxtın Sabunçu rayonu ərazisində yerləşən evlərin birində qeydə alınıb.


Belə ki, Zaman Bəkirzadə yaşadıqları evlərinin qonaq otağında həyat yoldaşı, zərərçəkmiş Həmayə Bəkirzadə (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının onunla kobud danışması olub. Bu zaman Zaman qəsdən təpiklə zərərçəkmiş şəxsin ayaq nahiyəsindən bir neçə dəfə vuraraq onun sağlamlığına yüngül zərər yetirib.


Hadisədən sonra Zaman Bəkirzadə saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Məhkəmə iclasında zərərçəkmiş Həmayə Bəkirzadə təqsirləndirilən şəxslə hazırda onunla barışdığını, ona vurulmuş zərərin tam ödənildiyini, ərinə qarşı şikayət və tələbinin olmadığını bildirib.
 

Kamal Məmmədov 

Tarix: 15 Avqust 2025, 09:19   
Seçilən
56
29
pravda.az

10Mənbələr