AZ

Kafedə barmeni döyən sərxoş müştəriyə həbs cəzası verildi

Qusar Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Maqsud Fərəcovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əli Cəlilovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə o, 6 ay müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə bu il Qusar şəhərində yerləşən “İskra” kafesində qeydə alınıb.


Belə ki, Maqsud Fərəcov saat 22 radələrində toy məclisindən çıxıb sərxoş vəziyyətdə sözügedən kafeyə gəlib, 4 bakal pivə içib. Sonra o, kafenin barmeni, zərərçəkmiş S.S.-in (adı, soyadı şərtidir) digər bakaldan pivəni süzüb onun ona verməsini deyərək mübahisə edib. Nəticədə Maqsud yumruqla barmenin sifətinə vuraraq ona xəsarət yetirib.


Hadisədən sonra o, saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.


Qeyd: Maqsud Fərəcov daha əvvəl Cinayət Məcəlləsinin soyğunçuluğa cəhd maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum edilmişdi.


Kamal Məmmədov 

Tarix: 18 Avqust 2025, 08:23   
Seçilən
16
21
pravda.az

10Mənbələr