AZ

Trampın Putinə gizli elçi göndərməsi xaos yaradıb

Reuters: Uitkoffun Moskva danışıqları ABŞ administrasiyasında qarışıqlıq yaradıb...

Poliqon xəbər verir ki, Reuters-in məlumatına görə, ABŞ prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoffun Vladimir Putinlə gizli danışıqlar aparmaq cəhdi nəticəsiz qalıb və Vaşinqtonda qarışıqlığa səbəb olub. Məlumatlı mənbələr bildirir ki, Uitkoff 6 avqustda Moskvada Rusiya prezidenti ilə görüşərək Trampa “böyük irəliləyiş” barədə məruzə edib. Onun sözlərinə görə, guya Putin Zaporojye və Xersondan qoşunları çıxarmağa hazır idi, əvəzində isə Donbas üzərində Moskvanın nəzarətinin tanınmasını tələb edirdi.

Lakin elə ertəsi gün Avropalı həmkarları ilə danışarkən Uitkoffun versiyası dəyişib: söhbət qoşunların çıxarılmasından yox, sadəcə Rusiyanın həmin ərazilərin beynəlxalq səviyyədə tanınmasını tələb etməməsindən gedirdi. Diplomatik protokola zidd olaraq, Uitkoff görüşə Dövlət Departamentinin nümayəndəsi və ya yazılı təsdiqlər olmadan yollanıb, buna görə də danışıqların əsl məzmunu müəmmalı qalıb.

Hadisə Trampın 2018-ci ildə Helsinkidə Putinlə təkbətək görüşünü xatırladır. Həmin görüşdən sonra Tramp ABŞ kəşfiyyatının Rusiyanın seçkilərə müdaxiləsi barədə nəticələrinə açıq şübhə etmiş, amma buna baxmayaraq Putinlə sammiti “uğurlu” adlandırmışdı. İndi isə Tramp məsləhətçilərinin fəaliyyətini yüksək qiymətləndirsə də, nəticəsi olmayan Ankoric sammitinə razılaşıb.

Reuters yazır ki, ABŞ-ın bəzi rəsmiləri, o cümlədən Ukrayna üzrə xüsusi nümayəndə Kit Kellog Uitkoffun ziddiyyətli açıqlamalarından narazılıq ifadə ediblər. Bu, xüsusilə də administrasiya Rusiyaya qarşı daha sərt mövqe tutmağa hazırlaşdığı bir vaxtda baş verib.

Ekspertlər qeyd edir ki, Tramp diplomatik təcrübəsi olmayan şəxslərə, məsələn, daşınmaz əmlak biznesmeni Uitkoffa güvənməklə, eyni zamanda milli təhlükəsizlik aparatında geniş ixtisarlar aparır və Rusiya ilə Ukrayna üzrə peşəkar ekspertləri işdən azaldır. Bu isə ABŞ siyasətində qeyri-müəyyənlik və qarışıqlıq yaradır.

Poliqon.info

Seçilən
213
50
poliqon.info

10Mənbələr