AZ

Səhiyyə Nazirliyi: Sentyabrda uşaqların sağlamlığı və enerjisi üçün dəyərli fürsətlər

Bakivaxti portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Səhiyyə Nazirliyi K.Y.Fərəcova addına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova nazirliyin saytına müsahibə verib.

Bakıvaxtı.az müsahibəni təqdim edir:

- Nuranə xanım, ilk öncə bilmək istərdik ki, “Payızın əvvəli” anlayışı bir pediatr üçün nə deməkdir?

- Sentyabr ayında da isti havaların davam edəcəyini nəzərə alaraq bu dövr, uşaqların təbiətdən faydalanmaq, immunitetlərini möhkəmləndirmək və yeni tədris ilinə enerji toplamaq üçün bir fürsətdir. Təbiətin bizə bəxş etdiyi payız sərvətlərindən olan mövsümi meyvə-tərəvəzlərdən maksimum dərəcədə faydalanmaq vacibdir.Günün işıqlı hissəsinin qısalmasına baxmayaraq, açıq havada vaxt keçirmək, günəş enerjisindən və təmiz havadan yararlanmaq hələ də mümkündür. Bu, uşaqların hərəki aktivliyinin saxlanmasına müsbət təsir göstərir.

- Doktor, sentyabr ayında xüsusi bir rejimə riayət olunmalıdırmı?

- Sentyabr ayında yeni tədris ilinin başlanması ilə bağlı uşaqların gündəlik rejimini düzgün qurmaq xüsusilə vacibdir. Yayda olduğu kimi, saat 22:00-dan əvvəl yuxuya getmək tövsiyə olunur, çünki uşaq orqanizmi daim inkişafdadır və böyümə hormonunun sintezi əsasən erkən yuxunun ilk saatlarında baş verir.Düzgün yuxu rejimi həm də digər hormonların balansına, immun sistemin güclənməsi və yeni tədris ilinə yaxşı hazırlaşmağa kömək edir.

- Bu ayda uşaqların qidalanmasına dair hansı tövsiyələri verə bilərsiniz?

- Qida rasionunda mövsümün təzə meyvə və tərəvəzlərini (məsələn alma, armud, nar, üzüm və s.) maksimum dərəcə daxil etmək lazımdır.Havanın hələ də isti keçməsini nəzərə alaraq, uşağın maye balansına diqqət yetirmək vacibdir. Məktəbə və ya uzun gəzintilərə gedərkən, yanlarında mütləq təmiz, içməli su olmalıdır.Həmçinin, qidaların saxlanma şərtlərinə diqqət edin, çünki isti havada bakteriyalar tez inkişaf edir.

- Günəşdən qorunmaq üçün hansı vasitələrdən istifadə etmək lazımdır?

- Sentyabr ayının olmasına baxmayaraq, hələ də istilər hökm sürür və günəş hələ də fəaldır. Buna görə də, xüsusilə günorta saatlarında açıq havada olarkən, mütləq papaq və dəri tipinə uyğun (30+ SPF və ya daha yüksək) günəş kremindən istifadə etmək lazımdır. Kremi təkcə üzə deyil, bədənin günəşə məruz qalan bütün hissələrinə çəkmək lazımdır. Geyimlər yüngül, nəfəs alan, təbii parçalardan və açıq rəngli olmalıdır.

- Uşaqların hansı saatlarda açıq havada olmasını məsləhət görürsünüz?

- Günəşin ən aktiv olduğu günorta saatlarında (təxminən 11:00-dan 16:00-dək) birbaşa günəş işığından uzaq durmaq tövsiyə olunur. Ən optimal vaxt səhər tezdən və günortadan sonradır. Gəzintilər üçün kölgəli və yaşıllıq sahələri seçmək daha yaxşıdır.

- Uşaqları dənizə/hovuza apararkən valideynlərin hansı məsləhətlərə riayət etmələrini tövsiyə edərdiniz?

- Sentyabrda su və hava istiliyi hələ də çimmək üçün əlverişli ola bilər. Lakin suyun temperaturuna diqqət yetirilməlidir. Su soyuq olarsa (22°C-dən aşağı), uşağın bədən hərarətini normadan aşağı düşməsinə,qıcolma və digər arzuolunmaz hallara gətirib çıxara bilər.Sudan çıxdıqdan sonra dərhal onu qurulamalı və əynindəkiləri quru paltarlarla əvəz edilməlidir. Hovuzda uşaqları çimizdirərkən daha diqqətli olmalıdırlar. Çünki artıq axşam və gecə saatlarında havalar öncəki aylarla müqayisədə nisbətən sərin olur. Bu da suyun temperaturunun enməsinə səbəb olur. Bəzən növbəti gün havanın isti olmasına baxmayaraq, uşaqlar üçün çimməyə yararlı temperatura qalxmır.Belə olan hallarda tövsiyə olunur ki, suyun temperaturuna nəzarət etmək üçün xüsusi termometrlərdən istifadə etsinlər. Çimmə müddəti 15-20 dəqiqədən artıq olmamalıdır. Çimməmişdən əvvəl və dərhal sonra qidalanmaq məsləhət deyil. Dənizdən/hovuzdan sonra uşağı duş qəbul etdirmək vacibdir.

- Sonda valideynlərə nə məsləhət görərdiniz?

- Yuxarıda qeyd edilənlərlə yanaşı, gigiyenik qaydalara riayət olunmalıdır. Sadə gigiyenik qaydalara əməl etmək mədə-bağırsaq sistemini xəstəliklərindən qoruyur. Məsələn, gəzintidən qayıdan zaman uşaqlar mütləq əllərin yumalıdırlar.Bu qaydalara riayət etməklə istirahətdən maksimum yararlanıb, bol enerji, vitamin deposu taplayıb növbəti fəsillərdə də sağlam qalmaq lazımdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
5
bakivaxti.az

7Mənbələr