Sentyabr ayında isti havaların davam edəcəyini nəzərə alsaq, bu dövr uşaqların təbiətdən faydalanmaq, immunitetlərini möhkəmləndirmək və yeni tədris ilinə enerji toplamaq üçün bir fürsətdir. Təbiətin bizə bəxş etdiyi payız sərvətlərindən olan mövsümi meyvə-tərəvəzlərdən maksimum dərəcədə faydalanmaq vacibdir. Günün işıqlı hissəsinin qısalmasına baxmayaraq, açıq havada vaxt keçirmək, günəş enerjisindən və təmiz havadan yararlanmaq hələ də mümkündür. Bu, uşaqların hərəki aktivliyinin saxlanmasına müsbət təsir göstərir.
AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin K. Y. Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova bildirib.
O deyib ki, sentyabr ayında yeni tədris ilinin başlanması ilə bağlı uşaqların gündəlik rejimini düzgün qurmaq xüsusilə vacibdir. Yayda olduğu kimi, saat 22:00-dan əvvəl yuxuya getmək tövsiyə olunur, çünki uşaq orqanizmi daim inkişafdadır və böyümə hormonunun sintezi, əsasən, erkən yuxunun ilk saatlarında baş verir. Düzgün yuxu rejimi həm də digər hormonların balansına, immun sistemin güclənməsinə və yeni tədris ilinə yaxşı hazırlaşmağa kömək edir. “Qida rasionuna mövsümün təzə meyvə və tərəvəzlərini (məsələn, alma, armud, nar, üzüm və digər) maksimum dərəcə daxil etmək lazımdır. Havanın hələ də isti keçməsini nəzərə alaraq, uşağın maye balansına diqqət yetirmək vacibdir. Məktəbə və ya uzun gəzintilərə gedərkən, yanlarında mütləq təmiz, içməli su olmalıdır. Həmçinin qidaların saxlanma şərtlərinə diqqət edilməlidir, çünki isti havada bakteriyalar tez inkişaf edir.
Sentyabr ayı olmasına baxmayaraq, hələ də istilər hökm sürür və günəş hələ də fəaldır. Buna görə də, xüsusilə günorta saatlarında açıq havada olarkən, mütləq papaq və dəri tipinə uyğun (30+ SPF və ya daha yüksək) günəş kremindən istifadə etmək lazımdır. Kremi təkcə üzə deyil, bədənin günəşə məruz qalan bütün hissələrinə çəkmək məsləhət görülür. Geyimlər yüngül, nəfəs alan, təbii parçalardan və açıq rəngli olmalıdır. Günəşin ən aktiv olduğu günorta saatlarında - təxminən 11:00-dan 16:00-dək birbaşa günəş işığından uzaq durmaq tövsiyə olunur. Ən optimal vaxt səhər tezdən və günortadan sonradır. Gəzintilər üçün kölgəli və yaşıllıq sahələri seçmək daha yaxşıdır”,- deyə həkim-pediatr vurğulayıb.
Nuranə Hüseynova uşaqları dənizə və ya hovuza apararkən valideynlərin riayət etmələri vacib olan məsələlər barədə tövsiyə verib. Onun sözlərinə görə, sentyabrda su və hava şəraiti çimmək üçün əlverişli ola bilər. Lakin suyun temperaturuna diqqət yetirilməlidir. “Su soyuq olarsa (22°C-dən aşağı), bu, uşağın bədən hərarətinin normadan aşağı düşməsinə, qıcolma və digər arzuolunmaz hallara gətirib çıxara bilər. Sudan çıxdıqdan sonra dərhal onu qurulamalı və əynindəkiləri quru paltarlarla əvəz edilməlidir. Hovuzda uşaqları çimizdirərkən daha diqqətli olmaq vacibdir. Çünki artıq axşam və gecə saatlarında havalar öncəki aylarla müqayisədə nisbətən sərin olur. Bu da suyun temperaturunun enməsi deməkdir. Bəzən növbəti gün havanın isti olmasına baxmayaraq, temperatur uşaqların çimməsi üçün normal olmur. Belə hallarda tövsiyə edilir ki, suyun temperaturuna nəzarət etmək üçün xüsusi termometrlərdən istifadə olunsun. Çimmə müddəti 15-20 dəqiqədən artıq olmamalıdır. Çimməmişdən əvvəl və dərhal sonra qidalanmaq məsləhət deyil. Dənizdən və ya hovuzdan sonra uşağa duş qəbul etdirmək vacibdir. Eyni zamanda, gigiyenik qaydalara riayət olunmalıdır. Sadə gigiyenik qaydalara əməl etmək mədə-bağırsaq sistemini xəstəliklərindən qoruyur. Məsələn, gəzintidən qayıdan zaman uşaqlar mütləq əllərini yumalıdırlar. Bu qaydalara riayət etməklə istirahətdən maksimum yararlanıb, bol enerji, vitamin toplayıb, növbəti fəsillərdə də sağlam qalmaq mümkündür”, - deyə o diqqətə çatdırıb.