AZ

Yeni tədris ilində uşaqların rejimi necə olmalıdır? - Nazirlik açıqladı

BAKI, 2 sentyabr. TELEQRAF

Sentyabr ayında yeni tədris ilinin başlanması ilə bağlı uşaqların gündəlik rejimini düzgün qurmaq xüsusilə vacibdir.

Teleqraf xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun həkim-pediatrı Nuranə Hüseynova deyib.

O bildirib ki, yayda olduğu kimi, saat 22:00-dan əvvəl yuxuya getmək tövsiyə olunur, çünki uşaq orqanizmi daim inkişafdadır.

“Böyümə hormonunun sintezi əsasən erkən yuxunun ilk saatlarında baş verir. Düzgün yuxu rejimi həm də digər hormonların balansına, immun sistemin güclənməsi və yeni tədris ilinə yaxşı hazırlaşmağa kömək edir”, - həkim əlavə edib.

N.Hüseynovanın sözlərinə görə, qida rasionunda mövsümün təzə meyvə və tərəvəzlərini (məsələn alma, armud, nar, üzüm və s.) maksimum dərəcə daxil etmək lazımdır:

“Havanın hələ də isti keçməsini nəzərə alaraq, uşağın maye balansına diqqət yetirmək vacibdir. Məktəbə və ya uzun gəzintilərə gedərkən, yanlarında mütləq təmiz, içməli su olmalıdır. Həmçinin, qidaların saxlanma şərtlərinə diqqət edin, çünki isti havada bakteriyalar tez inkişaf edir. Sentyabr ayının olmasına baxmayaraq, hələ də istilər hökm sürür və günəş hələ də fəaldır. Buna görə də, xüsusilə günorta saatlarında açıq havada olarkən, mütləq papaq və dəri tipinə uyğun (30+ SPF və ya daha yüksək) günəş kremindən istifadə etmək lazımdır. Kremi təkcə üzə deyil, bədənin günəşə məruz qalan bütün hissələrinə çəkmək lazımdır. Geyimlər yüngül, nəfəs alan, təbii parçalardan və açıq rəngli olmalıdır. Günəşin ən aktiv olduğu günorta saatlarında (təxminən 11:00-dan 16:00-dək) birbaşa günəş işığından uzaq durmaq tövsiyə olunur. Ən optimal vaxt səhər tezdən və günortadan sonradır. Gəzintilər üçün kölgəli və yaşıllıq sahələri seçmək daha yaxşıdır”.

O, valideynlərə gigiyenik qaydalara riayət olunmasını məsləhət görüb.

Seçilən
14
5
teleqraf.com

7Mənbələr