AZ

Bakı elm paytaxtına çevrilir: Avrasiya Universitetləri Sammitinə sayılı günlər qaldı

Bakı, 10 sentyabr, AZƏRTAC

Sentyabrın 24-25-də Bakıda “Times Higher Education” (THE) beynəlxalq reytinq agentliyi tərəfindən Avrasiya Universitetləri Sammiti keçiriləcək.

Elm və Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Sammit bu il “Transmilli tədqiqat: bilikdən qlobal təsirə doğru” mövzusuna həsr olunub.

Sammitdə 300-dən çox iştirakçı, 150-dən artıq müəssisə və 20-dən artıq ölkə üzrə 50-dən çox beynəlxalq və yerli spiker qlobal tədqiqat əməkdaşlıqları, Avrasiya universitetlərinin sosial-iqtisadi inkişafa verdiyi töhfələr, eləcə də BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri istiqamətində ali təhsilin rolu ilə bağlı müzakirələr aparacaq.

Tədbirin əsas panel və sessiyalarında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Macarıstanın mədəniyyət və innovasiya naziri Balazs Hanko, THE-nin qlobal məsələlər üzrə baş direktoru Fil Beyti, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rüfət Əzizov, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Əbu-Dabi Universitetinin rektoru Qassan Aouad, Nazarbayev Universitetinin rektoru Vaqar Əhməd, Obuda Universitetinin rektoru Levente Kovak, Konstraktor Universitetinin icraçı direktoru Tomas Auf der Heyde və digər təhsil liderləri çıxış edəcəklər.

Bu tədbir Avrasiya universitetlərinin əməkdaşlıq potensialını nümayiş etdirmək, yeni tərəfdaşlıqlara yol açmaq və regionun elm-təhsil imkanlarını qlobal səviyyədə tanıtmaq üçün mühüm platforma olacaq.

Seçilən
21
11
azertag.az

10Mənbələr