Almaniyanın Münhen şəhərindəki beynəlxalq hava limanı, hava məkanında pilotsuz uçuş aparatlarının (dronların) müşahidə olunmasından sonra uçuşları müvəqqəti olaraq dayandırıb.
"Cebheinfo.az" xəbər verir ki, hava limanı rəsmiləri ən azı 17 uçuşun ləğv edildiyini, təxminən 3 min sərnişinin bu vəziyyətdən təsirləndiyini və 15 təyyarənin Stuttgart, Nürnberq, Vyana və Frankfurt hava limanlarına yönləndirildiyini açıqlayıb.
Federal polisin sözçüsü Stefan Bayer ilk dron görüntüsünün yerli vaxtla saat 21:30-da, ikinci görüntünün isə bir saat sonra qeydə alındığını bildirib. Havanın qaranlıq olması səbəbindən dronların növü, ölçüsü və mənşəyi barədə məlumat verilməyib.
Münhen Hava Limanının açıqlamasında uçuşların tamamilə “dayandırıldığı” və vəziyyətin aidiyyəti qurumlara bildirildiyi qeyd olunub.
Son həftələrdə Avropadakı bir çox hava limanı kimliyi məlum olmayan dronlar səbəbindən fəaliyyətini müvəqqəti olaraq dayandırıb. Danimarka və Norveçdə hava limanlarının və hərbi bölgələrin yaxınlığında dronların görünməsi nəticəsində Kopenhagen və Oslo hava limanları bağlanmışdı.
Yaxın günlərdə Kopenhagendə keçirilən Avropa İttifaqı sammitində də bu mövzu müzakirə olunub. Eyni dövrdə Polşa hava məkanına 20 rus dronunun daxil olduğu, MiG-31 qırıcılarının isə Estoniya hava məkanını pozduğu açıqlanıb.
Moskva rəhbərliyi bu iddiaları rədd edib. Rusiya Prezidenti Vladimir Putin Qara dəniz sahilindəki Soçidə etdiyi çıxışda Danimarkaya yönəlmiş dron iddialarını “gülərək” təkzib edib.
Münhendəki hadisə minlərlə sərnişini hava limanında çətin vəziyyətdə qoyub. Sərnişinlər üçün düşərgə çarpayıları qurulub, yorğan, içki və yemək paylanılıb.
Hadisə şəhərin hər il milyonlarla turisti qəbul etdiyi Oktoberfest festivalı günlərində baş verib. Festival 5 oktyabrda başa çatacaq.