AZ

Dron təhlükəsi ilə əlaqədar uçuşların ləğv edildiyi Münxen aeroportunda fəaliyyət bərpa olunub

Berlin, 3 oktyabr, AZƏRTAC

Dron təhlükəsi ilə əlaqədar bütün uçuşların ləğv edildiyi Münxen hava limanında fəaliyyət və aviareyslər bərpa olunub.

AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, təhlükə ilə bağlı 17 təyyarə aeroporta eniş edə bilməyib, 15 reys isə digər hava limanlarına yönləndirilib, sərnişinlərin əksəriyyəti gecəni hava limanında keçirib. Səhər saatlarında uçuşlar bərpa olunsa da, gecikmələr davam edib.

“Bild” qəzetinin məlumatına əsasən, Bavariya əyalətinin Baş naziri Markus Zöder polisə dronların dərhal vurulması barədə səlahiyyət verilməsini tələb edib. O, həmçinin Almaniya üçün “Dəmir qübbə” sisteminin quraşdırılmasının, infrastrukturun və hərbi obyektlərin qorunması üçün təsirli müdafiə sisteminin əldə olunmasının vacibliyini vurğulayıb və bu məsələnin gələn həftə hökumətin iclasında müzakirə olunacağını bildirib.

Qeyd edək ki, ötən gecə Münxen hava limanında dronların müşahidə olunmasından sonra, saat 22:30-dan etibarən bütün uçuşlar dayandırılıb. Ərazi federal və yerli polis tərəfindən nəzarətə götürülüb, həmçinin şübhəlilər və uçuş obyektləri axtarılıb. Axtarışlara polis helikopteri də cəlb edilib. Lakin heç bir nəticə əldə olunmayıb.

Son vaxtlar Avropada dəfələrlə oxşar hadisələr qeydə alınıb və bu, bir sıra hava limanlarının fəaliyyətinə ciddi təsir edib.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
12
29
azertag.az

10Mənbələr