Ötən gün Misirin Şarm əş-Şeyx kurort şəhərində 25-ə yaxın ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Qəzza zolağında atəşkəsə həsr olunmuş sammit keçirilib. “Yaxın Şərq Sülh Sammitində” ABŞ Prezidenti Donald Tramp da iştirak edib və əslində sammitin aparıcısı elə ABŞ Prezidenti olub.
Sammitdə ABŞ, Türkiyə, Qətər və Misir liderləri Qəzzadakı atəşkəs razılaşması ilə bağlı niyyət protokolu imzalayıb.
Sənəddə Qəzzada atəşkəs planına sadiqlik, həm fələstinlilərin, həm də israillilərin hüquqlarının bərabər şəkildə qorunması vurğulanır, terrora qarşı birgə mübarizə, təhsil və inkişaf məsələləri yer alır.
Ancaq məsələ ondadır ki, ABŞ Prezidenti Donald Trampın “XXI əsrin sülh manifesti” adlandırdığı və 3 min illik (!?) münaqişəyə son qoyduğunu iddia etdiyi sənəd Fələstin dövlətinin yaradılması mövzusunun “yanından keçir”.
Daha da maraqlısı odur ki, sammitdə Türkiyə, Pakistan, Misir və daha bir neçə müsəlman dövlət və hökumət başçıları bu atəşkəsin və sülh planının müstəqil Fələstin dövlətinin yaradılmasına aparacağını xüsusi vurğulasalar da, ABŞ Prezidenti bu tezisi görməzdən gəlib.
ABŞ Prezidenti sammitdə əsas vurğunu Qəzzada atəşkəs planının tətbiq olunması və zolağın yenidən bərpa olunması üzərində qurub. Əlbəttə, Qəzza zolağının yenidən qurulması, orada yaşayan 2 milyondan çox yerli sakinin ev-eşiyinin bərpa olunması (müharibə nəticəsində Qəzzada evlər və infrastrukturun 80 faizi dağılıb – K.R.) vacibdir. Lakin bu bərpa və yenidənqurma işləri Fələstin münaqişəsinin həllini təmin etmir və nəticə etibarilə Yaxın Şərqə sülh gəlməsinə səbəb olmayacaq.
Əgər belə demək olarsa, Həmas və İsrail arasında Prezident Trampın təklif etdiyi 20 maddəlik plan tam şəkildə icra olunsa, son nəticədə Qəzzada Həmas və digər silahlı qruplar olmayacaq. Zolaq beynəlxalq güclərin — əslində isə ABŞ, Türkiyə, Misir və Qətər — nəzarəti altında, Trampın sədrliyi ilə yeni keçid hökuməti tərəfindən idarə olunacaq. Ancaq hər kəsə aydındır ki, Qəzzada silahlı qrupların və ya deyildiyi kimi, Həmasın olması bölgəyə sülh gətirməyəcək.
Fələstin münaqişəsinin köklü həlli BMT-nin 1947-ci il Fələstin qərarının icrasından asılıdır. Yəni bütün dünyanın da qəbul etdiyi kimi, 1967-ci il müharibəsinə qədərki sərhədlər daxilində Fələstin dövləti yaradılmalı və ötən dövrdə İsrail tərəfindən işğal edilmiş torpaqlar azad edilməlidir. Yalnız müstəqil, suveren Fələstin dövləti yarandıqdan sonra iki ölkə arasında və ümumiyyətlə, Yaxın Şərqdə sülh əldə oluna bilər.
İndiki planda isə Həmasın və ya “İslami Cihad” kimi silahlı qrupların ləğv olunması bu münaqişəyə son qoymayacaq. Unutmaq olmaz ki, Həmas 1987-ci il Birinci İntifada hərəkatı zamanı yaradılıb. Ancaq ondan əvvəl də Fələstində silahlı mübarizə aparan, vuruşan qüvvələr olub. Sabah Həmas olmasa, yeni bir ideologiyaya, yeni bir siyasi baxışa malik qrup ortaya çıxıb Fələstinin azadlığı uğrunda İsrailə qarşı silahlı müqavimət göstərəcək.
Buna görə də münaqişənin birdəfəlik həlli üçün iki dövlətli həll yoluna gedilməli, dünyanın tanıdığı sərhədlər daxilində Fələstin dövləti qurulmalıdır.
Şarm əş-Şeyx sammitində ABŞ Prezidenti Fələstin dövləti məsələsinə toxunmasa da, sazişin digər tərəfləri olan üç müsəlman ölkəsi, o cümlədən bütövlükdə müsəlman aləmi ortaya sağlam iradə qoyaraq münaqişənin həlli üçün zəmin yarada bilər. Hazırda ABŞ Prezidentinin də təşəbbüsü ilə yaranmış atəşkəs və sülh mühiti tərəflərin masa arxasında davamlı sülhə nail olması üçün zəmin yaradır.
Kənan Rövşənoğlu
Xüsusi olaraq Musavat.com üçün