Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə bu gün saat 18:30 radələrində Şəki Rayon Mərkəzi Xəstəxanasınn Təcili tibbi yardım şöbəsinə 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.
Bu barədə APA-ya TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
"Hazırda onların müvafiq şöbələrdə müalicəsi davam etdirilir. 1 nəfərin vəziyyəti ağır, digərinin isə orta ağır qiymətləndirilir", - məlumatda vurğulanıb.
***
19:14
Şəkidə baş verən ağır yol qəzasında 3 nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 18 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Şəkinin Oraban kəndi ərazisindən keçən hissəsində baş verib.
Hərəkətdə olan “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza zamanı avtomobillərdə olanlardan 3 nəfər aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Daha iki nəfər isə müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili Tibbi Yardım şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin tibbi yardımlar göstərilir.
Ölən və yaralanan şəxslərin kimlikləri dəqiqləşdirilir.
***
18:59
Şəkidə ölümlə nəticələnən yol qəzası baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, oktyabrın 21-də saat 18 radələrində Şəki rayonu ərazisində “KİA” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Nəticədə 3 nəfər hadisə yerində ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.