Xəbər verildiyi kimi, oktyabrın 22-də axşam Rusiyanın Çelyabinsk yaxınlığındakı Kopeysk şəhərində yerli müəssisələrdən birində iki güclü partlayış baş verib.
Moderator.az Rusiya və Ukrayna KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 9 nəfər həlak olub, daha 5 nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bu barədə mediaya Çelyabinsk vilayətinin qubernatoru Aleksey Teksler məlumat şatdırıb.
Partlayışların baş vermə şəraiti və yaralıların vəziyyəti...
Rəsmi şəxsin sözlərinə görə, ilk partlayış axşam saatlarında baş verib. Xilasedicilər dərhal hadisə yerinə gəliblər. Lakin yanğın söndürülərkən daha bir partlayış baş verib. Alov söndürülsə də, qurbanlar üçün fəsadlar acınacaqlı olub. Tibb müəssisələrində 5 nəfərin vəziyyəti ağır olaraq qalır. Yerli hakimiyyət orqanları da itkin düşmə ehtimalı ilə bağlı xəbərləri araşdırır.
"Hazırda 9 nəfərin öldüyü təsdiqlənib. Beş nəfər xəsarət alıb, tibb işçilərimiz onların vəziyyətini stabilləşdirmək üçün əlindən gələni edir. İtkin düşmüş şəxslərlə bağlı məlumatları yeniləyirik", - qubernator belə deyib.
Hadisənin mümkün səbəbləri və versiyaları...
Tekslerin sözlərinə görə, hazırda Kopeysk sakinləri üçün heç bir təhlükə yoxdur. Pilotsuz təyyarələrin zərbəsi ehtimalı rəsmən təsdiqlənməyib və hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını araşdırmaqda davam edir.
Qubernator müəssisənin dəqiq adını açıqlamasa da, Rusiya mətbuatı hadisə şahidlərinə istinadən xəbər verir ki, hadisə “Plastmas” hərbi zavodunun ərazisində baş verib. Bu zavod partlayıcı və sursat istehsal edir.