Xəbər verdiyimiz kimi, “Qarabağ”ın kabo-verdeli futbolçusu Leandro Andrade Avropa futbolu tarixində nadir bir uğura imza atıb.
Arena.az xəbər verir ki, o, fərqli UEFA turnirlərində – Çempionlar Liqası və Avropa Liqası – hər ikisində ilk dəqiqədə qol vuran ilk futbolçu olub.
Leandro Andrade Ağdam klubunun rəsmi saytına müsahibəsində bu barədə və qarşıdakı oyunlar haqda danışıb.
– Leandro, Avropa futbolunda tarix yazmısan. Çempionlar Liqası, Avropa Liqasında fərqli oyunlarda ilk dəqiqədə qol vuran ilk futbolçu olmusan. Bu xəbəri eşidəndə hansı hissləri keçirdin?
– Açığı, təəccübləndim. Oyundan sonra xəbərləri görənə qədər bu rekordu qırdığımı bilmirdim. Bu, mənim üçün xoş bir sürpriz oldu. Belə bir nəticə əldə etdiyimə görə şadam. Həmin gün daha yaxşı ola biləcək yeganə şey oyunu qazanmaq olardı.
– “Hakken” və “Styaua”ya qarşı ilk dəqiqədə vurduğun qollardan sonra “Atletik”ə qarşı da eyni hal təkrarlanıb. Bu ardıcıllıq təsadüfdür, yoxsa Qurban Qurbanovun tapşırıqlarının nəticəsidir?
– Bu, təsadüf deyil. Baş məşqçimiz Qurban Qurbanov daim bizə ilk dəqiqədən diqqətli və fokuslanmış şəkildə başlamağı tapşırır. Mən də çalışıram, bunu meydanda maksimum dərəcədə tətbiq edim. Əlbəttə, bu statistikanı artırmaq istəyirəm, amma növbəti dəfə təki oyunun sonu qələbə ilə bitsin. Bilbao təmsilçisi ilə oyunda fərdi olaraq tarix yazdım, amma “Hakken”lə qarşılaşmada biz komanda olaraq tarix yaratdıq, çünki o qələbə ilə qrup mərhələsinə vəsiqə qazandıq. Mənim üçün ən sevimli qol da məhz həmin oyunda vurduğum qoldur.
– “Atletik”lə görüşdə erkən qol vursan da, nəticə istədiyiniz kimi olmadı. Oyunda nələri daha yaxşı etmək olardı?
– Oyunda həm yaxşı, həm də pis anlarımız oldu. Düşünürəm ki, Bilbaoya qarşı daha yaxşı oynamaq potensialımız var. Nəticəyə görə məsuliyyət bizə aiddir, daha yaxşı çıxış edə bilərdik. Aleksey Kaşukun epizodu ilə oyunun taleyini dəyişmək ərəfəsində idik. O, fürsəti qaçırmadı, sadəcə çox düzgün qərar verdi, amma Yurinin müdaxiləsi həqiqətən möhtəşəm idi – buna da haqqını vermək lazımdır.
“Çelsi” ilə oyun çox həyəcanlı olacaq”
– Növbəti turda, noyabrın 5-də “Qarabağ” Bakıda “Çelsi” ilə qarşılaşacaq. Komandanın əhval-ruhiyyəsi necədir?
– “Çelsi”yə qarşı oyun çox həyəcanlı olacaq. Amma etiraf edim ki, indi hələ o matç haqqında yox, daha çox hazırlıq prosesi barədə düşünürəm. Qarşımızda iki liqa oyunu var, məşqlərdə bəzi detalları təkmilləşdirməliyik. Komandanın məqsədi hər görüşdə bir az da inkişaf etməkdir. Mən də hazırda buna fokuslanmışam.
Sonda bir daha xatırladaq ki, Leandro Andrade üç fərqli oyunda – “Hakken” (2023-cü il dekabr), “Styaua” (2025-ci il yanvar) və “Atletik”ə qarşı matçlarda – hər birində 1-ci dəqiqədə qol vurmaqla tarixə düşüb. Bu nəticə ilə Andrade Avropa turnirlərində üç fərqli oyunda ilk dəqiqədə qol vuran ilk futbolçu kimi adını futbol tarixinə yazdırıb.
Dekabr 2023. “Qarabağ” – “Hakken”. Avropa Liqasının qrup mərhələsi
Yanvar 2025. “Qarabağ” – “Styaua”. Avropa Liqasının Liqa mərhələsi
Oktyabr 2025. “Qarabağ” – “Atletik”. UEFA Çempionlar Liqasının Liqa mərhələsi

