Futbol üzrə Argentina millisinin hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.
Arena.az məlumat verir ki, Mayami təmsilçisi bu gün MLS-in 1/8 final mərhələsi çərçivəsində “Neşvil”lə qarşılaşıb.
“Vağlar” doğma meydanda baş tutmuş bu oyunda növbəti qələbəyə seviniblər – 3:1. Messi 90 dəqiqə meydanda olub, 2 qolla, 1 məhsuldar ötürməylə yadda qalıb. O, 19-cu və 90+6-cı dəqiqələrdə fərqlənib, 62-ci dəqiqədə isə Alyendeyə qol ötürməsi verib.
Messi bu dubl sayəsində MLS-in cari mövsmünün bombardirlər siyahısının ilk pilləsindəki mövqeyini möhkəmləndirib – 31 qol.
Yeri gəlmişkən, Messi MLS-in müntəzəm mövsümünün bombardiri kimi “Qızıl buts” mükafatına layiq görülüb. Mükafat “Neşvil”lə matçdan əvvəl təqdim olunub. “Leo” müntəzəm mövsümdə 28 matçda 29 qol vuraraq, ən yaxın izləyiciləri Denis Buanqa (“Los-Anceles”) və Sem Sarrici (“Neşvill”) beş qolla qabaqlayıb.
Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 44 oyuna 39 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib.
Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 83 oyun, 73 qol və 37 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu ötən il Mayami təmsilçisi ilə Liqalar kubokunu qazanıb, həmçinin ötən mövsüm “İnter Mayami”nin heyətində MLS-in Şərq Konfransının qalibi olub. Müvafiq qənimət “Leo”nun futbolçu karyerası ərzində qazandığı 46-cı qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi hazırda kapitanı olduğu Argentina yığmasında 2005-ci il avqustun 17-də debüt edib. Ulduz hücumçu yığmada 195 oyun keçirib, 114 qol vurub və 63 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.
Argentinalı superulduz Argentina yığması ilə Yay Olimpiya Oyunlarının (2008), Amerika Kubokunun (2021, 2024), FIFA Dünya Kubokunun (2022), Çempionların CONMEBOL-UEFA Kubokunun (2022) qalibi olub. Həmçinin Messi dünya çempionatının (2014) və Amerika Kubokunun gümüş (2007, 2015, 2016) mükafatçısı olub.

