Fransanın “Lill” klubunun 39 yaşlı mərkəz hücumçusu Olivye Jiru, karyerası ərzində vurduğu ən gözəl qoldan söhbət açıb.
Arena.az xəbər verir ki, Jiru “Arsenal”da çıxış edərkən “Kristal Pelas”ın qapısına “əqrəb zərbəsi” ilə vurduğu qolu səciyyələndirib:
“Ən yaxşı qolum, həmin “əqrəb zərbəsi” ilə “Arsenal”da ikən vurduğum qoldur. Hörmətlə, sizlər belə bir şeyi heç vaxt görməyəcəksiniz”, deyə Jiru vurğulayıb.
Jiru, Fransa Liqa 1-i ilə İtaliya A Seriyasını da müqayisə edib:
“İngiltərə Premyer Liqası ilə müqayisə etməzdim, amma bax, bizim Liqa 1 İtaliya A Seriyasından zərrəcə geri qalmır, mən xüsusi fərq görmürəm”, deyə Jiru vurğulayıb.
Xatırladaq ki, Jiru bu ilin yayında qoşulduğu “Lill” ilə 1 illik – 2025/2026-cı illər mövsümünün sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb. O, cari mövsümdə bu komandanın heyətində meydana çıxdığı 10 oyunda 3 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Olivye Jiru futbolçu karyerası ərzində “Los-Anceles, “Qrenobl”, “İstr”, “Tur”, “Monpelye”, “Arsenal”, “Çelsi” və “Milan”da çıxış edib. Jirunun futbolçu karyerasının böyük hissəsi məhz “Arsenal”da keçib.
Olivye Jiru 2011-ci ilin noyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 131 oyun keçirib, 57 qol vurub, 15 məhsuldar ötürmə verib. Jiru Fransa yığmasının ən sərrast futbolçusudur. Olivye “xoruzlar”la DÇ-2018-in, 2021 UEFA Millətlər Liqasının qalibi olub.
“Transfermarkt” internet-portalı veteran hücumçunun transfer dəyərini 1,5 milyon avro məbləğində qiymətləndirir.

