AZ

Dani Karvaxal əməliyyat edildi, ilin sonunadək oynamayacaq

Futbol üzrə İspaniya yığma komandasının 33 yaşlı sağ cinah müdafiəçisi, Madrid “Real”ının kapitanı Dani Karvaxal əməliyyat edilib.

Arena.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Təcrübəli futbolçu sağ dizindən cərrahi müdaxiləyə ehtiyac duyub. Onun ilin sonunadək yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Karvaxal La Liqanın 10-cu turu çərçivəsində qarşılaşdıqları “Barselona” ilə matçda (2:1) zədələnib.

Xatıladaq ki, Dani ötən ilin oktyabrında da çarpaz bağlarından zədələnmişdi. O, bu il mayın sonunda yaşıl meydanlara qayıtmışdı. Sentyabrın sonlarında yenidən zədələnən futbolçu 3 həftə oyunlardan kənarda qalmışdı.

Daniel Karvaxal gənclik illərində “Leman”da və ardınca “Real”ın gənclərdən ibarət komandasında çıxış edib, buradan isə “Bayer”ə transfer edilib. Cəmi bircə mövsüm alman klubunda oynamış Karvaxal 2013-cü ildə “Real”a artıq püxtələşmiş bir futbolçu kimi qayıdıb. Daniel tədricən “qaymaqlılar”ın heyətində yerini möhkəmlədib. Təcrübəli futbolçunun bu klubla cari müqaviləsinin müddəti 2026-ci ilin iyun ayının sonuna qədərdir.

Cari mövsümdə Karvaxal “Real” üçün 8 oyun keçirib. Daninin “Real” karyerası ümumilikdə 436 oyun, 14 qol və 65 məhsuldar ötürmədən ibarətdir.

Karvaxal “Real”la bütün mümkün ali klub yarışlarını qazanıb: 4 dəfə İspaniya La Liqasının, 2 dəfə İspaniya Kubokunun, 4 dəfə İspaniya Super Kubokunun, 6 dəfə Çempionlar Liqasının, 5 dəfə UEFA Super Kubokunun, 5 dəfə FIFA Klub Dünya Kubokunun qalibi olub.

Daniel Karvaxal 2014-cü ilin sentyabrında debüt etdiyi İspaniya yığmasının heyətində 52 oyuna çıxıb, 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Təcrübəli futbolçu “qırmızı qəzəb”in heyətində 2023-cü il UEFA Millətlər Liqasını, 2024-cü il Avropa çempionatını qazanıb. Karvaxal həmçinin İspaniyanın U-19 və U-21 yığmaları ilə müvafiq olaraq AÇ-2011 və AÇ-2013 yarışlarında çempion olub.

“Transfermarkt” internet-portalı 33 yaşlı müdafiəçinin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri istədiklərinizlə paylaşın
error: Məzmun qorunur!
Seçilən
17
1
arena.az

10Mənbələr