“Barselona”nın danimarkalı mərkəz müdafiəçisi Andreas Kristensen yenidən zədə alıb və bir müddət komandasına kömək edə bilməyəcək
Arena.az bu barədə İspaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Kristensenin zədəsinin ciddi olmadığı bildirilsə də, təfərrüatlar açıqlanmır. Danimarkalı futbolçunun sıraya nə vaxt dönəcəyi də bilinmir.
Andreas Kristensen futbola “Skyal Birkeröd” klubunda qədəm qoyub, ardınca “Brondbü” və “Çelsi”də çıxış edərək, böyük futbolda “zadəganlar”la debüt edib. Bir müddət Mönhenqladbax “Borussiya”sında icarə əsasında çıxış etmiş Kristenseni “Barselona” 2022-ci ilin iyul ayında “Çelsi”dən azad agent qismində “baluqrana”nın düşərgəsinə qatıb.
Kataloniya klubunun danimarkalı futbolçu ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Kristensen “blauqrana” üçün məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 9 oyun keçirib.
Kristensenin “Barselona”nın heyətində çıxışının ümumi mənzərəsi 89 oyun, 4 qol və 3 məhsuldar ötürmədən ibarətdir.
Müdafiəçi “Barselona” ilə iki dəfə İspaniya çempionu (2022/2023, 2024/2025) olub, bir dəfə İspaniya Super Kubokunu (2022/2023) qazanıb. 2023-cü ildə Danimarkada ilin ən yaxşı futbolçusu seçilmiş Andreas “Çelsi”nin heyətində də bir neçə titul qazanıb.
Andreas Kristensen 2015-ci ilin iyun ayında debüt etdiyi Danimarka yığmasının heyətində 78 oyuna çıxıb, 4 qol vurub.
“Transfermarkt” internet-portalı 29 yaşlı danimarkalı mərkəz müdafiəçisi Andres Kristensenin transfer dəyərini 12 milyon avro məbləğində qiymətləndirir.

