Futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) sonuncu qalibi olan “Qarabağ” Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.
Arena.az xəbər verir ki, Ağdam klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin “Çelsi” ilə oyununa daha yaxşı hazırlaşmaq məqsədilə 10-cu turda keçiriləcək “İmişli” – “Qarabağ” oyunu ilə 20-ci turda baş tutacaq “Qarabağ” – “İmişli” görüşünün yerinin dəyişdirilməsini istəyib.
“Qarabağ”ın rəsmi müraciətini, “İmişli”nin razılığını nəzərə alan PFL Azərbaycan futbolunun beynəlxalq miqyasda layiqincə təmsil olunmasını rəhbər tutaraq dəyişikliklə bağlı qərar qəbul edib.
Belə ki, 10-cu turda komandalar “Azərsun Arena”da üz-üzə gələcəklər. Bu oyun “Qarabağ” – “İmişli” görüşü kimi rəsmiləşəcək. Oktyabrın 31-də keçiriləcək bu oyuna saat 17:00-da start veriləcək.
20-ci turun görüşü isə “İmişli” – “Qarabağ” qarşılaşması kimi oynanılacaq.

