“Neftçi” basketbol komandasının baş məşqçisi Vitali Stepanovski FIBA Avropa Kubokunda “Abşeron Lions”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, FIBA Avropa Kubokunun əsas mərhələsində eyni qrupda yer almış Azərbaycan təmsilçilərinin bu gün baş tutmuş duelində “Neftçi” 104:86 hesablı qələbəyə sevinib.
Stepanovski matçdan sonra fikirlərini bölüşüb. O, jurnalistlərə açıqlamasında bunları söyləyib:
“Komandamızı və azarkeşləri qələbə münasibəti ilə təbrik edirəm. Müdafiədən çıxış edərək, oyunda tempi aşağı salmağa çalışırdıq. Axıra yaxın bizim üçün o qədər də uğurlu olmadı. Camal Bey, Stefan Keniç zədədən yeni qayıtmışdılar və matçı yaxşı səviyyədə keçirdilər. İlk vaxtlarda çox səhvlərə yol verirdik, sonradan bu yanlışlıqları aradan qaldırdıq. Azərbaycan klublarının FIBA Avropa Kuboku turnirində təmsil olunması çox vacibdir. Bu da onu göstərir ki, Azərbaycan basketbolu düzgün yoldadır”.
“Abşeron Lions”un baş məşqçisi Erhan Toker isə məğlubiyyətə belə şərh verib:
“Neftçi”ni təbrik edirəm. Düşündüyümüz qədər yaxşı oynaya bilmədik. Bəzi oyunçuların performansı istənilən səviyyədə olmadı. Aubri Makalpaynın zədəsi var idi. Oynadı, amma istənilən effekti vermədi. Gediminas Orelik də effektiv deyildi. Müdafiədə əvvəldən tanıdığımız rəqibə qarşı yaxşı oyun sərgiləmədik. “Neftçi”nin atışları çox yaxşı alındı. Bizim üçün də onlara çatmaq çətinləşdi. Bundan sonra Avropadakı matçlarımızda qələbə qazanmağa çalışacağıq. Yolumuzdan dönməyəcəyik. Azərbaycanı təmsil edirik və belə turnirdə qalib gəlmək istəyimiz çoxdur. “Neftçi”yə uğurlar arzu edirəm”.

