Noyabrın 12-i axşam saatlarında Minskdən Bakıya uçan təyyarə havaya qalxdıqdan sonra Minsk hava limanına qayıdıb.
Musavat.com xəbər verir ki, bu barədə "Minsk-Novosti" məlumat yayıb.
Uçuş "Belavia" Hava Yollarına məxsus "Embraer-195" sərnişin təyyarəsi ilə həyata keçirilməli idi, lakin təyyarə havaya qalxdıqdan yarım saat sonra geri qayıdıb.
"Təyyarə saat 23:17-də Minskdən Bakıya yola düşüb. Havaya qalxdıqdan qısa müddət sonra texniki nasazlıq aşkarlanıb və kapitanın qərarı ilə saat 23:46-da təyyarə əsas hava limanına geri dönüb", - aviaşirkətdən bildirilib.
Təyyarə geri qayıtdıqdan sonra "Embraer-195" tez bir zamanda "Boeing 737-300" ilə əvəz olunub və reys saat 02:20-də Azərbaycana yola düşüb. Sərnişinlər gözləmə müddətində sərinləşdirici içkilərlə təmin olunublar.
“Belavia” şirkəti yaranmış vəziyyətə görə üzr istəyib və bildirib ki, əməkdaşlar sərnişinlərin narahatlığını minimuma endirmək üçün əllərindən gələni ediblər.
Musavat.com