“Azərbaycan Respublikasının 2026-cı il Dövlət büdcəsi ilk növbədə dövlət başçısının müəyyən etdiyi əsas prioritetlərin dayanıqlı iqtisadiyyatın, sosial rifahın, təhlükəsizliyin və çevik idarəetmənin maliyyə təminatını reallaşdırır”.
Hafta.az xəbər verir ki, bu barədə Milli Məclisin bugünkü plenar iclasında deputat Sadiq Qurbanov 2026-cı il büdcə layihəsinin müzakirəsində qeyd edib.
Deputat konseptual olaraq Azərbaycanın keçdiyi yola, yeni dünya düzənində enerji və iqtisadi transformasiyanın mahiyyətinə, 2026–2029-cu illəri əhatə edən büdcə arxitekturasına və strateji yol xəritəsinə nəzər salıb.
S.Qurbanov qeyd edib ki, ölkəmiz “resurslara əsaslanan dövlət” modelindən “imkanlar yaradan dövlət” modelinə keçib. Onun fikrincə, bu təkcə neft gəlirlərinin bölüşdürülməsi ilə məhdudlaşmır, əksinə, investisiya axınlarını strateji istiqamətlərə yönəldən, innovasiya və modernizasiyanı stimullaşdıran, iqtisadiyyatın yeni inkişaf fəlsəfəsini formalaşdıran aparıcı dövlət aktoruna çevrilir:
“2026-cı il dövlət büdcəsində həm neft gəlirlərinin, həm də Dövlət Neft Fondundan ayrılan transfertlərin azaldılması məqsədyönlü dövlət siyasətidir. Bu addım fiskal konsolidasiya deyil, iqtisadi modelin yenilənməsinin, qeyri-neft sektorunun dayanıqlı inkişafının maliyyə əsaslarını formalaşdıran strateji qərardır”-deputat deyib. S.Qurbanov diqqəti Prezident İlham Əliyevin bu mərhələni xarakterizə edən fkirlərinə yönəldib.
“Prezident bldirib: -Biz neftdən asılılığı azaltmalı, qeyri-neft sahələrini əsas inkişaf xəttinə çevirməliyik. Azərbaycanın gələcəyi bilik iqtisadiyyatında, texnologiyada və yaşıl enerjidədir. Əgər bu gün biz post-neft dövrünə hazırlaşmasaq, sabah gec olacaq." Qlobal enerji sistemi artıq köhnə məntiq üzrə fəaliyyət göstərmir: OPEC-in hesabatlarında enerjiyə təlabat 2050-ci ildə daha çox, yəni 85% artacağı göstərilir. Bu kontekstdə, bərpa olunan enerjiyə keçid sürətlənir, OPEC və digər beynəlxalq təşkilatlar neft tələbatının sabitləşdiyini bildirirlər, karbon emissiyalarının azaldılması siyasətləri sərtləşir, Yeni enerji dəhlizləri formalaşır, Geosiyasi güc balansları dəyişir. Bir məqamı da qeyd etmək lazımdır ki, bu gün enerji yalnız iqtisadi resurs deyil, həm də diplomatik təsir və strateji təhlükəsizlik aləti kimi çıxış edir”.
S.Qurbanov deyib ki, Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolu son illərdə daha da güclənib. Yaşıl enerjiyə keçidlə bu daha da artacaqdır:
“Qlobal iqlim çağırışları fonunda Azərbaycan enerji siyasətinin əsas sütunlarından biri – yaşıl enerji transformasiyasını daha da sürətləndirilməlidir. Bununla bağlı Xəzər dənizində irimiqyaslı külək enerji layihələrinə hazırlıq işləri aparılır,günəş və külək parkları fəaliyyətə başlayır, Azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikasının ərazisi “yaşıl enerji zonası” elan edilib. Nəticədə 2030-cu ilədək bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payı 14%-dən 30%-ə, qoyuluş gücündə payı isə 18%-dən 37%-ə çatdırılacaq.
Prezident İlham Əliyev bu strategiyanın mahiyyətini belə açıqlayır: “Bizim hədəfimiz Azərbaycanı yaşıl enerji ixrac edən ölkəyə çevirməkdir. Bu, həm iqtisadi, həm də ekoloji baxımdan strateji prioritetimizdir.”
Dünya Bankının hesablamalarına görə, yaşıl enerji investisiyaları: ÜDM artımını sürətləndirir, Minlərlə yeni iş yeri yaradır, İxrac portfelini diversifikasiya edir, Xarici sərmayəni cəlb edir.
Hazırkı və gələcək büdcə çərçivəsində bu tipli hesabatların nəzərə alınması, bu sahənin gələcək inkişafda mühüm rol oynaya bilər.
Eyni zamanda tullantıların enerji çevrilməsi, enerji səmərəliliyi və təkrar istehsal kimi istiqamətlərin büdcədə ayrıca dəstəklənməsi də vacib məsələlərdəndi. Bu məqsədlər “Yaşıl Tullantı və Enerji Fondu”nun yaradılması, Enerji çevrilməsi layihələrinin maliyyələşdirilməsi, Bu sahədə illik nəticələrin büdcə hesabatında ayrıca göstərilməsi səmərəli olardı. Bu tədbirlər həm ekoloji dayanıqlığı, həm də enerji keçidini daha sürətli və iqtisadi cəhətdən faydalı edə bilər”.
Tahirə Qafarlı