AZ

Dünya çempionatında qazandığımız bu medal həm kişi, həm də qadınlar üzrə ilk tarixi nailiyyətdir”

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Azərbaycanın qadın şahmatçılardan ibarət millisi İspaniyanın Linares şəhərində təşkil olunan dünya çempionatında ikinci olub. “Report” un məlumatına görə, milli həlledici matçda Beynəlxalq Şahmat Federasiyasının (FIDE) komandası ilə üz-üzə gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyevadan ibarət milli ilk görüşdə 1:3, ikinci qarşılaşmada isə 1,5:2,5 hesabı ilə uduzub. Qeyd edək ki, komandanın kapitanı İlahə Qədimova olub.Final görüşündə FIDE komandasına qarşı oynamaq sizə necə təsir etdi?Komanda olaraq ikinci yeri tutmağınızı uğur sayırsınızmı, yoxsa daha yüksək nəticə gözləyirdiniz?Bu nəticə Azərbaycan qadın şahmatı üçün nə ifadə edir?Gələcək yarışlar üçün hansı planlarınız və hədəfləriniz var?

Milli yığmanın üzvü, qrossmeyster, gənclər arası dünya çempionu Gövhər Beydullayeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, hər iki matç inanılmaz mübarizə şəraitində keçib: “Dünyanın ən güclü şahmat ölkələrinin - Çin, FIDE (rus şahmatçılarından ibarət), Gürcüstan, Hindistan və Qazaxıstanın - iştirak etdiyi dünya çempionatı idi. Yarışda iştirakımız yarışın başlamasına bir neçə gün qalmış müəyyənləşdi və bu bizim üçün tam gözlənilməz oldu. Turnir çox gərgin, emosional və yaddaqalan şəkildə keçdi. Qrup mərhələsini 4-cü yerlə bitirdik və 1/4 finalda keçən dünya çempionu çox güclü şahmatçılardan ibarət Gürcüstan yığmasını məğlub etdik, bu bizə növbəti oyunlar üçün böyük motivasiya verdi. Yarı finalda isə olimpiya və dünya 2-cisi Qazaxıstan milli yığmasını məğlub etdik. Hər iki matç inanılmaz mübarizə şəraitində keçdi. Finalda rus şahmatçılardan ibarət FIDE yığması ilə qarşılaşdıq. Onlar reytinqcə bizdən üstün idilər, amma bizim də çox güclü inamımız və motivasiyamız var idi. Təəssüf ki, finalda istədiyimiz nəticəni əldə edə bilmədik, amma ümumi çıxışımızı çox uğurlu sayıram”.

Gövhər Beydullayeva

“Komanda olaraq bu nəticəyə təkcə oyunlarımızla yox, həm də bizə güvənən və daim arxamızda duran insanların dəstəyi ilə gəldik. Federasiya prezidentimiz Mahir müəllim Məmmədova, kapitanımız İlahə Qədimovaya, məşqçilərimiz Nicat Abasov və Qədir Hüseynova göstərdikləri dəstək və inama görə təşəkkür edirəm. Bu medal həm də onların yaratdığı komanda ruhunun nəticəsidir.

Komandamız həqiqətən çox zəhmətkəşdir və bu zəhmətin bəhrəsini görmək sevindiricidir. Əvvəllər Avropa çempionatlarında medallarımız olmuşdu, amma dünya çempionatında qazandığımız bu medal həm kişi, həm də qadınlar üzrə ilk tarixi nailiyyətdir.

İnanıram ki, bu nəticə daha böyük uğurların başlanğıcı olacaq.

Növbəti planlarımıza gəldikdə, hal-hazırda bizi gözləyən komanda yarışımız yoxdur, amma fərdi yarışlarımız olacaq. İlin sonunda Rapid və Blitz üzrə Dünya çempionatı var. Yeni ildən bir sıra fərdi klassik yarışlarımız olacaq. Həmçinin 2026-cı ilin ümumdünya şahmat olimpiadasına hazırlıqlar başlanacaq. Əlimizdən gələni edəcəyik ki, həmin yarışda da ölkəmizə medalla qayıdaq”-deyə Gövhər Beydullayeva qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
170
50
icma.az

10Mənbələr