Bakı, 21 noyabr, AZƏRTAC
Milli komandamızın dünya çempionatına vəsiqə qazanacağına inanıram.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Türkiyənin məşhur futbol şərhçisi Ertem Şener ölkəsinin DÇ-2026-nın seçmə mərhələsinin pley-off oyunlarındakı şanslarını dəyərləndirərkən deyib.
O, “ay-ulduzlular”ın yarımfinalda üz-üzə gələcəyi Rumıniya qarşısında şanslarının yüksək olduğunu söyləyib: “Rəqib komandaya Türkiyə futbolunu dərindən bilən Mirça Luçesku rəhbərlik edir. Təbii ki, millimiz də bu mütəxəssisin oyun fəlsəfəsinə yaxşı bələddir. Onun oyun strategiyası əsasən müdafiə üzərində qurulub. Rumıniya millisi əvvəlki gücündə deyil. Amma heyətində əfsanəvi Georgi Hacinin oğlu Yanis Haci kimi istedadlı futbolçu var. Hazırda “Alanyaspor”da çıxış edir. Yaxşı oyunçudur, lakin Türkiyə qarşısında şanslarının yüksək olduğunu düşünmürəm. Əgər Rumıniyanı məğlub etsək, finalda Slovakiya – Kosovo cütünün qalibi ilə üz-üzə gələcəyik. Düşünürəm ki, bu raundda rəqimiz Slovakiya olacaq. Bizi olduqca çətin matç gözləyir. Amma inanıram ki, millimiz final oyunundan da qalib ayrılaraq mundialda iştirak hüququ qazanacaq”.
E. Şenerin sözlərinə görə, Türkiyə futbolunun beynəlxalq arenada tanınmasında “Qalatasaray” klubunun xüsusi rolu olub: “2000-ci ildə UEFA Kubokunun və Superkubokun qazanılması Türkiyə futbolunun tarixində dönüş nöqtəsi oldu. Elə həmin uğurların fonunda 2002-ci ildə millimiz dünya çempionatına vəsiqə qazandı. O vaxt komandanın əsas heyətində “Qalatasaray”lı futbolçular üstünlük təşkil edirdi. Bir sözlə, Türkiyənin dünya futbolunda söz sahibi olmasına səbəb olan klubdur. Bu nümunəni Azərbaycan üçün də göstərmək olar. Misal üçün, “Qarabağ”ın futbolçuları milli komandanın güclənməsində ciddi pay sahibidir”.
Qeyd edək ki, pley-off mərhələsinin yarımfinal oyunları 2026-cı il martın 26-da, final görüşləri isə 31-də oynanılacaq. Yarımfinal və finallar bir matçdan ibarət olacaq, qaliblər dünya çempionatına vəsiqə qazanacaqlar. Final matçlarının ev sahibləri püşkatma ilə müəyyənləşəcək.