AZ

Azərbaycanın bu işi dünya təhlilçilərinin dilinə düşdü...


Son onilliklərdə Azərbaycan beynəlxalq münasibətlər sistemində diqqətçəkən şəkildə irəliləyərək Cənubi Qafqazın regional oyunçusu statusundan qlobal aktora çevrilmə istiqamətində mühüm addımlar atıb.

Bu yüksəlişin əsas səbəbləri ölkənin coğrafi mövqeyi, enerji resursları, iqtisadi diplomatiyası, təhlükəsizlik sahəsində təşəbbüsləri və balanslaşdırılmış xarici siyasət kursudur. Azərbaycan təkcə region daxilində deyil, həm də qlobal miqyasda siyasi, iqtisadi və humanitar proseslərin fəal iştirakçısı kimi çıxış edir.​

Azərbaycanın Avropa ilə Asiya arasında təbii körpü rolunu oynaması ölkəyə strateji üstünlüklər qazandırır. Ölkə beynəlxalq nəqliyyat-kommunikasiya əlaqələrinin kəsişməsində yerləşməklə təkcə regional deyil, qlobal ticarət və logistika şəbəkələrinin mühüm həlqəsinə çevrilmişdir. Bakı–Tiflis–Qars dəmir yolu, Şimal–Cənub və Şərq–Qərb dəhlizləri Azərbaycanın tranzit imkanlarını genişləndirib və ölkəni Avrasiyanın əsas logistika mərkəzlərindən birinə çevirib. Xüsusilə son illərdə Zəngəzur dəhlizinin perspektivləri regionun nəqliyyat xəritəsini dəyişdirəcək potensial layihə kimi Azərbaycanın qlobal əhəmiyyətini daha da artırmaqdadır. Bütün bunlar dünya miqyasında ölkəyə diqqəti daha da artırır. Məsələnin bu tərəfinə toxunan rusiyalı politoloq Tatyana Poloskova bildirir ki, Cənubi Qafqaz bu gün tədricən dünyanın ən mühüm logistika qovşaqlarından birinə çevrilir: “Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, İrəvanın Bakının şərtlərini qəbul etməsi, o cümlədən Zəngəzur dəhlizinin açılması məsələsində irəliləyiş regionun strateji əhəmiyyətini daha da artırır. Bu səbəbdən Tramp administrasiyası Azərbaycana xüsusi diqqət yetirir. ABŞ prezidentinin həm ölkəçizə, həm də Azərbaycan liderinə münasibəti onun bir sıra bəyanatlarında açıq şəkildə görünür. Vaşinqton Azərbaycanı təkcə regional deyil, perspektivli qlobal aktor kimi qiymətləndirir. Azərbaycan artıq güclü bir bölgələrarası oyunçudur və inkişaf meyilləri onu yaxın gələcəkdə dünya səviyyəli aktora çevirə bilər”. Mərkəzi Asiyada gedən proseslərə toxunan T.Poloskova bu proseslərin bütövlükdə Avrasiya geosiyasətini dəyişdiyini qeyd edib. Onun sözlərinə görə, yaxın illərdə Cənubi Qafqazın yeni geosiyasi xəritəsi formalaşacaq – söhbət dövlət sərhədlərindən deyil, maraqların toqquşduğu və əməkdaşlığın müəyyən olunduğu strateji məkandan gedir: “Cənubi Qafqaz və xüsusilə Azərbaycan böyük yüksəliş ərəfəsindədir. Regionda genişmiqyaslı müsbət dəyişikliklər üçün bütün şərtlər mövcuddur və bu tendensiyalar artıq özünü göstərir”. İrlandiyalı ekspert Patrik Uolş vurğulayır ki, Avrasiyanın inkişaf trayektoriyasında strateji mövqeyə malik Azərbaycan bu gün müxtəlif qlobal güclərin diqqət mərkəzindədir: “Azərbaycanın coğrafi mövqeyi, nəqliyyat-kommunikasiya imkanları və formalaşdırdığı praqmatik xarici siyasət xətti ölkənizi regionda irəliləyən geosiyasi və geoiqtisadi proseslərin əsas oyunçularından birinə çevirib”. O əlavə edib ki, gələcək qlobal rəqabətin ABŞ ilə Çin arasında formalaşacağı ehtimal olunur və bu kontekstdə Vaşinqtonun Avrasiyanın qərb hissəsində strateji dayaq nöqtəsinə malik olması xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycan Çin-Avropa, həmçinin Rusiya-İran istiqamətlərinin kəsişməsində yerləşən unikal geostrateji məkan kimi ABŞ üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən Vaşinqtonun Bakı ilə əməkdaşlığı genişləndirməyə böyük maraq göstərməsi tamamilə təbiidir”.

Onu da qeyd edək ki, Azərbaycanın qlobal aktor kimi yüksəlişinin ən mühüm dayaqlarından biri onun enerji siyasəti olub. Xəzər dənizində zəngin neft və qaz ehtiyatlarına malik olan Azərbaycan XX əsrin sonlarından etibarən transmilli enerji layihələrinin təşəbbüskarı və aparıcı iştirakçısı kimi çıxış edir. Bakı–Tiflis–Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi nəhəng layihələr ölkəni Avropanın enerji təhlükəsizliyinin vacib tərəfdaşına çevirib. Xüsusən Cənub Qaz Dəhlizi Azərbaycanın dünya enerji xəritəsində strateji rolunu artırıb, ölkəni enerji ixracatçısından enerji siyasətini formalaşdıran aktora çevirib. Bununla yanaşı, Azərbaycan son illərdə “yaşıl enerji” gündəmini də fəal şəkildə irəli sürməkdədir. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji zonası”nın yaradılması, bərpaolunan enerji investisiyalarının cəlbi və Avropaya yaşıl enerji ixracı layihələri ölkənin qlobal enerji keçidi prosesində mühüm tərəfdaş kimi çıxış etməsini təmin edir. Azərbaycanın beynəlxalq nüfuzunun artmasının səbəblərindən biri onun çoxvektorlu xarici siyasətidir. Bakı həm region dövlətləri, həm də qlobal güclər — Avropa İttifaqı, ABŞ, Rusiya, Çin, Türkiyə və Yaxın Şərq ölkələri ilə tarazlaşdırılmış əməkdaşlıq modeli qurub. Bu siyasət Azərbaycanı qarşıdurmaların mərkəzində deyil, əməkdaşlığın və dialoqun təşviqçisi rolunda yerləşdirir. Azərbaycanın Qoşulmama Hərəkatında rolu ölkənin qlobal arenadakı mövqeyini daha da gücləndirib. Xüsusən də quruma sədrliyə müddətində Azərbaycan 120-dən çox ölkəni bir araya gətirən platformada sülh, əməkdaşlıq və beynəlxalq hüquqa hörmət prinsiplərini fəal müdafiə edib. Bu, ölkənin diplomatik imkanlarını genişləndirib və qlobal siyasətdə etibarlı tərəfdaş imicini daha da möhkəmləndirib. Bütün bu uğurlar strateji düşünülmüş siyasətin, iqtisadi islahatların, diplomatik fəallığın və milli maraqlara əsaslanan dövlətçilik kursunun nəticəsidir. Azərbaycanın qlobal aktor kimi mövqeyinin gələcək illərdə daha da güclənəcəyi və ölkənin beynəlxalq proseslərdə daha geniş rol oynayacağı proqnozlaşdırılır.

Ramil QULİYEV

Seçilən
74
baki-xeber.com

1Mənbələr