AZ

Qazaxıstan Azərbaycandan iki gəmi alacaq

BAKI, 25 noyabr. TELEQRAF

Xəzər dənizi üzərindən konteyner daşımalarını artırmaq üçün Azərbaycandan iki gəmi alınacaq.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev məlumat verib.

Nazir Aktau və Kurık limanlarında nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi üzrə görülən işlər barədə danışıb:

“Xəzər qovşağı daxilində Aktau və Kurık limanlarının modernləşdirilməsi üzrə işlər aparılır. İlin sonuna kimi Aktau limanında Çin şirkəti ilə birgə konteyner qovşağının tikintisinin birinci mərhələsi başa çatacaq. Layihə tam həyata keçirildikdən sonra qovşağın gücü ildə 240 min konteynerə çatacaq”.

N.Sauranbayev əlavə edib ki, Aktau limanının akvatoriyasının dərinləşdirilməsi və yanalma körpülərinin yenidən qurulması işləri aparılır:

“Kurık limanında çoxfunksiyalı “Sarja” terminalının tikintisi davam edir. Xəzər dənizi ilə konteyner daşımalarını artırmaq üçün 2027-ci ilədək Azərbaycandan iki gəminin alınması planlaşdırılır. Limanlara gedən dəmir yolu şəbəkəsinin ötürücülük qabiliyyətinin artırılması istiqamətində də işlər görülür”.

Layihələrin həyata keçirilməsi Aktau və Kurık limanlarının ötürmə qabiliyyətini 30 milyon tona çatdıracaq. Bundan başqa, Janaozen şəhərini Türkmənistanla birləşdirən yollarda 2026-cı ilə qədər əsaslı və orta təmir işləri aparılacaq.

Seçilən
37
4
teleqraf.com

6Mənbələr