AZ

Rusiya Ərdoğan-Putin görüşündən dərhal sonra Odessada Türkiyə gəmisini vurdu - Qara dəniz müharibə meydanına çevrilir...


Qara dənizdə gərginliyi artıran daha bir hadisə baş verib. Türkiyə gəmiçilik şirkəti “Cenk Group”, Odessa bölgəsindəki Çornomorsk limanına edilən hücum zamanı "CENK T" gəmisinin vurulduğunu açıqlayıb. Gəminin Rusiya tərəfindən vurulduğu bildirilir.

Şirkət Türkiyənin Karasu limanı ilə Ukraynanın Odessa limanı arasında müntəzəm reyslər həyata keçirən gəminin raket hücumuna məruz qaldığını bildirib. Ukrayna Prezidenti Zelenski də şirkətin adını çəkmədən Çornomorskda mülki gəminin zədələndiyini bildirib.

Ukrayna media orqanları və sosial media istifadəçiləri hadisədən sonra limanda bərədən qalxan dumanın görüntülərini paylaşıblar.

Gəmidəki heyət üzvləri və TIR sürücüləri təxliyə olunub. İlkin məlumatlara görə, itki yoxdur, lakin gəmiyə dəyən ziyanın miqyası hələlik məlum deyil.

Türkiyənin Xarici İşlər Nazirliyindən isə bildirilib ki, Çernomorsk limanına hücum nəticəsində Türkiyə şirkətinə məxsus gəmiyə ziyan dəyib: “Müharibənin Qara dənizə yayılması, dəniz təhlükəsizliyi və naviqasiya azadlığı baxımından daha əvvəl ifadə etdiyimiz narahatlıqların haqlı olduğunu göstərir”.

Bu hücum son həftələrdə Qara dənizdə baş verən və mülki dəniz nəqliyyatını hədəf alan bir sıra hadisələrin sonuncusu idi:

17 noyabr: Türkiyə bayrağı altında üzən MT Orinda qaz daşıyıcısı Odessa sahillərində vurulub.

28 noyabr: Türkiyənin iqtisadi zonasında KAIROS və VIRAT tankerlərinə, sonradan Ukraynanın üzərinə götürdüyü hücumlar həyata keçirilib.

29 noyabr: VIRAT tankerinə qarşı ikinci hücum baş verib.

2 dekabr: Rusiya bayrağı altında üzən MID VOLGA2 gəmisi vurulub.

Son hücum Prezident Ərdoğan və Putin arasında Türkmənistanda keçirilən və Ukraynadakı müharibənin də müzakirə edildiyi görüşdən dərhal sonra baş verib. Görüş zamanı Ərdoğan limanlara və enerji infrastrukturuna hücumlara qarşılıqlı moratorium təklif edib. Ukrayna Prezidenti Zelenski bir gün əvvəl bu təklifi dəstəklədiyini bildirsə də, Kremlin sözçüsü Peskov Ərdoğan-Putin görüşündə sadəcə "fikir mübadiləsi" aparıldığını bildirib.

Hadisədən bir gün əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidan “Əl-Cəzirə”yə müsahibəsində Qara dənizdəki vəziyyətin ciddiliyinə diqqət çəkib: "Hazırda Qara dəniz müharibənin bir hissəsinə çevrilib. Müharibə Qara dənizə yayılıb. Ticarət gəmiləri, tankerlər vurulur... Burada dayanmaq lazımdır".

"CENK T" gəmisinə edilən hücum bir daha Qara dənizdə mülki dəniz fəaliyyətləri üçün risqin nə qədər yüksək olduğunu göstərir. Bu hadisə, Türkiyənin təklif etdiyi kimi, dərhal atəşkəs və ya moratoriumun nə qədər önəmli olduğunu bir daha təsdiqləyir.

TAHİR

Seçilən
29
32
baki-xeber.com

10Mənbələr