Odessa limanında Türkiyəyə məxsus yük gəmisinin Rusiya dronu tərəfindən vurulması Qara dənizdə təhlükəsizlik balansının nə qədər kövrək olduğunu bir daha göstərdi.
Hadisənin təkcə texniki və ya təsadüfi insident kimi təqdim edilməsi çətindir, çünki bu, artıq Türkiyəyə məxsus gəmilərin ikinci dəfə hədəfə alınmasıdır.
Bu fakt istər-istəməz sual yaradır: söhbət səhvdən gedir, yoxsa Ankara üçün ayrıca mesajdan?
Baş vermiş hadisə paralelində bir neçə sualı meydana gətirir:
Bu insident Türkiyə–Rusiya münasibətlərinə təsir edəcəkmi? NATO üzvü olan Türkiyəyə məxsus gəminin vurulması alyans daxilində necə qarşılanacaq?

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan siyasi şərhçi Asif Şəkərli qeyd edib ki, Qara dənizdə baş verən son hadisələr regionda hərbi gərginliyin yenidən yüksəldiyini açıq şəkildə nümayiş etdirir:
“Hücumun Ukraynanın son həftələrdə Qara dənizdə Rusiya tanker və enerji daşıyıcılarına qarşı həyata keçirdiyi əməliyyatlardan dərhal sonra baş verməsi təsadüfi görünmür.
Bu ardıcıllıq Qara dənizin getdikcə daha çox müharibə meydanına çevrildiyini göstərir.
Müşahidələr onu deməyə əsas verir ki, Rusiya–Ukrayna müharibəsi artıq yalnız quru və hava məkanı ilə məhdudlaşmır, eyni zamanda dəniz təhlükəsizliyini də ciddi şəkildə təhdid edir. Qara dənizdə artan hərbi aktivlik mülki gəmiçiliyin təhlükəsizliyinə, enerji daşımalarına və beynəlxalq ticarət marşrutlarına birbaşa risk yaradır. Bu isə bölgə ölkələri ilə yanaşı, Qara dənizdən istifadə edən bütün beynəlxalq aktorları narahat edən amildir”.
Şərhçinin sözlərinə görə, daha əvvəl də ekspertlər tərəfindən səsləndirilən narahatlıqlar dəniz yollarının bağlanması, limanların hədəfə çevrilməsi və mülki infrastrukturun zərər görməsi ehtimalı, hazırkı vəziyyət fonunda öz təsdiqini tapır:
“Qara dənizdə gərginliyin artması regionda iqtisadi sabitliyə və enerji təhlükəsizliyinə də mənfi təsir göstərir.
Baş verənlər bir daha sübut edir ki, Rusiya–Ukrayna müharibəsinin uzanması təkcə tərəflər üçün deyil, bütövlükdə region və beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi fəsadlar yaradır. Münaqişənin ən qısa zamanda dayandırılması və siyasi-diplomatik həll yollarının ön plana çıxarılması zəruridir. Bu baxımdan, Qara dənizdə yeni eskalasiyanın qarşısını almaq üçün tərəflərin xüsusilə enerji və liman infrastrukturuna yönəlmiş hücumları dayandıracaq mexanizmin yaradılması vacibdir.
Beynəlxalq vasitəçilik və təminat mexanizmləri olmadan bölgədə dəniz təhlükəsizliyinin bərpası mümkün görünmür.
Əks halda, Qara dənizdə gərginliyin daha da dərinləşməsi qaçılmaz olacaq”.
Tunar