Bu ilin yanvar-noyabr aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 331,339 milyon manat sığorta haqqı toplanılıb.
Azərbaycan Mərkəzi Bankı xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 7 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 131,691 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 4,5 % çoxdur.
Beləliklə, 11 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 39,7 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 40,7 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365,354 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 11,7 % çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844,833 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 21,7 % çoxdur.
11 ay ərzində sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,9 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 56,8 manat olub.