Mərakeşdə təşkil edilmiş futbol üzrə Afrika Millətlər Kubokunda (2025) ötən gün 1/8 mərhələsinin növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, pley-off mərhələsinin ikinci oyun günündə daha iki qarşılaşma baş tutub.
Əvvəlcə, Tanzaniya yığması qitə birinciliyinə ev sahibliyi edən Mərakeş millisi ilə üz-üzə gəlib. Minimal hesabla qalib gəlmiş mərakeşlilər 1/4 finala çıxıblar.
Tanzaniya yığmasının heyətində “Şamaxı”da çıxış edən Alfons Msanqa da meydanda olub. 22 yaşlı yarımmüdafiəçi matça start heyətində başlayıb və 83-cü dəqiqədə İddi Nado ilə əvəzlənib. Msanqa 78-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb. Məğlubiyyətlə üzləşmiş Tanzaniya millisi turnirlə vidalaşıb.
Günün digər oyununda Cənubi Afrika Respublikası və Kamerun yığmaları qarşılaşıblar. Üç qolun qeydə alındığı bu matçda isə kamerunlular qələbə sevinci yaşayıblar.
Beləliklə, 1/4 finalda daha bir cüt müəyyənləşib. Mərakeş yığması yarımfinala vəsiqə uğrunda Kamerunla üz-üzə gələcək.
Daha öncə Seneqal və Mali yığmaları 1/4 finala vəsiqə qazanmış və bir-birinə rəqib olmuşdular. Bu oyunların hər ikisi yanvarın 9-da baş tutacaq.
Qeyd edək ki, Afrika Millətlər Kubokunda mübarizəyə yanvarın 18-də keçiriləcək final oyunu ilə yekun vurulacaq.
Afrika Millətlər Kuboku
1/8 final mərhələsi
3 yanvar
Seneqal – Sudan 3:1
Qollar: Qeye, 29; 45+3. Mbaye, 77 – A.Abdalla, 6.
Mali – Tunis 1:1 (penaltilər 3:2)
Qollar: Sinayoko, 90+6-pen – Şauat, 88.
4 yanvar
Mərakeş – Tanzaniya 1:0
Qol: B.Dias, 64.
CAR – Kamerun 1:2
Qollar: Makqopa, 88 – Tçamaeu, 34. Kofane, 47.
5 yanvar
20:00. Misir – Benin
23:00. Nigeriya – Mozambik
6 yanvar
20:00. Əlcəzair – Konqo DR
23:00. Kot-d’İvuar – Burkina Faso
