Türkiyənin “Qalatasaray” klubu iki futbolçusu – mərkəz yarımmüdafiəçiləri Berkan Kutlu və Yusuf Dəmirlə yollarını ayırıb.
Arena.az xəbər verir ki, bunu İstanbul nəhənginin baş məşqçisi Okan Buruk açıqlayıb.
O, Türkiyə Super Kubokunun yarımfinalında “Trabzonspor”a qarşı keçirəcəkləri matçdan öncəki mətbuat konfransında klubdan ayrılan futbolçuların adlarını açıqlayıb.
Mütəxəssis yarımmüdafiəçi Berkan Kutlunun komandanı tərk etdiyini bildirib. O, 27 yaşlı futbolçunun Super Liqanın digər təmsilçisi “Konyaspor”la razılığa gəldiyini qeyd edib. Baş məşqçi kluba verdiyi əməyə görə Berkana təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.
Bundan başqa, İstanbul nəhəngi sağ cinah hücumçusu Yusuf Dəmirlə də yolları ayırmağa qərar verib. Okan Buruk gənc oyunçu ilə bağlı qərarı belə şərh edib:
“Yusuf Dəmirlə danışdıq. Qarşılıqlı şəkildə razılaşaraq yollarımızı ayırmağa qərar verdik”.
