2025-ci ilin yanvar-noyabr aylarında Azərbaycandan Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) 105,9 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.
Day.Az bu barədə Azərbaycanın Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 55,6 milyon dollar və ya 2,1 dəfə çoxdur.
2025-ci ilin 11 ayı ərzində Azərbaycandan BƏƏ ixrac olunmuş qeyri-neft məhsullarının Azərbaycanın ümumi ixracındakı payı 3,19 faiz təşkil edib.
Beləliklə, hesabat dövrü ərzində BƏƏ Azərbaycandan ən çox qeyri-neft məhsulları almış ölkələr arasında altıncı yer tutub.
Qeyd edək ki, cari ilin yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə ümumilikdə 44,589 milyard ABŞ dolları məbləğində ticarət əməliyyatı həyata keçirib. Bu, keçən ilin eyni dövrü ilə müqayisədə 1,480 milyard ABŞ dolları və ya 3,4% çoxdur.
Xarici ticarət dövriyyəsinin 23,401 milyard ABŞ dolları ixracın, 21,188 milyard ABŞ dolları isə idxalın payına düşüb. Ötən il ərzində ixrac 937 milyon ABŞ dolları və ya 3,8% azalmış, idxal isə 2,416 milyard ABŞ dolları və ya 12,9% artmışdır.