“Aston Villa”ya rəhbərlik edən ispaniyalı futbol mütəxəssisi Unai Emeri İngiltərə Premyer Liqasında dekabr ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
Emerili “Aston Villa” dekabr ayında Premyer Liqa çərçivəsində keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb. 54 yaşlı mütəxəssisin rəhbərlik etdiyi kollektiv 2025-ci ilin dekabrında “Brayton” (4:3), “Arsenal” (2:1), “Vest Hem” (3:2), “Mançester Yunayted” (2:1) və “Çelsi” (2:1) komandalarını məğlub edib. “Aston Villa” hazırda 43 xalla turnir cədvəlində üçüncü sırada yer alıb.
İspan mütəxəssis səsvermədə Mikel Arteta (“Arsenal”), Xosep Qvardiola (“Mançester Siti”) Daniel Farke (“Lids”) kimi məşqçiləri geridə qoyub.
Emeri karyerasında üçüncü, cari mövsümdə isə ilk dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi mükafatını alır. O, 2023-cü ilin aprelində və dekabrında da oxşar mükafata layiq görülmüşdü. Cari mövsümdə ilk belə mükafat “Liverpul”un sabiq çalışdırıcısı Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda “Mançester Yunayted”ə rəhbərlik etmiş Ruben Amorim, noyabrda isə “Çelsi”ni çalışdırmış Entso Mareska ən yaxşı seçilmişdi.
Unai Emeri “Aston Villa”nı 2022-ci ilin noyabrından çalışdırır. 52 yaşlı mütəxəssis əvvəllər “Sevilya”, PSJ və “Vilyarreal”ı uğurla çalışdırıb. İspan mütəxəssis PSJ-yə Fransa çempionluğunu və hər biri 2 dəfə olmaqla Fransa Kubokunu, Fransa Liqa Kubokunu və Fransa Super Kubokunu qazandırıb. Həmçinin Unai Emeri Avropa Liqasının baş məşqçi kimi 4 qat qaibidir (“Sevilya” ilə 3 dəfə, “Vilyarreal” ilə 1 dəfə).
İspan mütəxəssisin “Aston Villa”ya rəhbərliyi rəqəmlərin gözü ilə belə mənzərə yaradır: 169 oyun, 95 qələbə, 30 heç-heçə, 44 məğlubiyyət. Topların fərqi isə 296:222 nisbətindədir.
