AZ

İrandan sərt bəyanat: “Bir litr neftin belə ixracına imkan verməyəcəyik”

ABŞ və İsrailin İrana qarşı başladığı müharibə fonunda Yaxın Şərqdə gərginlik daha da yüksəlməkdədir.

Musavat.com xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkəyə qarşı hərbi əməliyyatlar davam edərsə, bölgədə neft ixracının qarşısının alınacağı barədə sərt bəyanat verib.

SEPAH rəsmiləri bildirib ki, İranın iqtisadi maraqları təhlükə altına düşərsə, Hörmüz boğazı və Fars körfəzi vasitəsilə həyata keçirilən enerji daşımalarına ciddi zərbə vurula bilər. “Bir litr neftin belə ixracına imkan verməyəcəyik”, – deyə korpusun bəyanatında vurğulanıb.

Müharibənin 11-ci günündə qlobal enerji bazarları da ciddi dalğalanma yaşayıb. Gərginliyin artması fonunda dünya bazarında neftin qiyməti 100 dollar həddini keçib. Lakin sonrakı saatlarda qiymətlər müəyyən qədər geriləməyə başlayıb. Analitiklər hesab edir ki, regionda əsas enerji arteriyası hesab olunan Hörmüz boğazının bağlanması təhlükəsi dünya iqtisadiyyatı üçün ciddi risk yaradır. ABŞ-ın müdafiə naziri Pet Heqset isə bildirib ki, İrana qarşı hərbi əməliyyatlar daha da genişlənəcək. Onun sözlərinə görə, bu gün həyata keçiriləcək hücumlar indiyə qədərki ən intensiv zərbələr olacaq. “Ən çox qırıcı, ən çox bombardmançı və ən çox zərbə bu gün olacaq”, – deyə Pentaqon rəhbəri vurğulayıb.

Heqset iddia edib ki, İran son 24 saat ərzində müharibə başlayandan bəri ən az sayda raket buraxıb. O həmçinin ABŞ hərbçilərinin Hörmüz boğazından keçən gəmiləri müşayiət etməsi variantının da nəzərdən keçirildiyini bildirib. ABŞ prezidenti Donald Tramp isə müharibə fonunda diplomatik kanalların tam bağlanmadığını bildirib. O, Fox News telekanalına müsahibəsində İranla mümkün danışıqlar ehtimalını istisna etmədiyini deyib. Trampın sözlərinə görə, Tehranın da danışıqlara maraq göstərdiyi barədə məlumatlar var. Bununla yanaşı, o, İranın yeni ali lideri hesab edilən Müctəba Xamenei ilə bağlı skeptik mövqe nümayiş etdirib. “Onun sülh içində yaşaya biləcəyinə inanmıram”, deyə ABŞ prezidenti bildirib.
Tramp həmçinin ABŞ-ın İranda həyata keçirdiyi hərbi əməliyyatların nəticələrinin “gözləntilərdən xeyli üstün” olduğunu iddia edib.

E.Məmmədəliyev,
Musavat.com

Seçilən
46
50
musavat.com

10Mənbələr