İranın yeni lideri Müctəba Xamenei xarici güclərin ölkəni parçalamaq cəhdlərinin qarşısının alındığını bəyan edib.
"Report" xəbər verir ki, bunu İranın yeni ali rəhbəri Müctəba Hüseyni Xamenei xalqa ilk müraciətində bildirib.
İranın yeni lideri həmçinin Hörmüz boğazı ilə bağlı da danışıb:
"Hörmüz boğazının bağlanmasından mütləq təzyiq vasitəsi kimi istifadə edilməlidir".
O bəyan edib ki, qonşu ölkələrlə dostluğa inanır, amma ABŞ-nin hərbi bazaları oralarda bağlanmalıdır:
"ABŞ-nin bazaları bağlanmasa, onlara hücumlar davam etdiriləcək".
Ölkənin ali lideri qeyd edib ki, İran tərəfi maliyyə zərərinə görə kompensasiya tələb edir:
"Biz rəqibdən kompensasiya tələb edəcəyik və əgər o imtina etsə, onun əmlakından lazım bildiyimiz qədər götürəcəyik. Əgər bu mümkün olmasa, onun əmlakının eyni miqdarını məhv edəcəyik".
Xamenei həmçinin İsrail və ABŞ ilə münaqişənin davam etməsi halında "yeni cəbhələr açacağını" da vəd edib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. İran Ekspertlər Şurası martın 8-də Əli Xameneinin oğlu Müctəba Xameneini ölkənin yeni ali rəhbəri seçib.