İranlı bir rəsmi “Əl-Ərəbiyə” telekanalına açıqlamasında Yaxın Şərqdəki gərginlik fonunda ABŞ hərbi bazaları və strateji dəniz yolları ilə bağlı diqqətçəkən bəyanatlar səsləndirib. Musavat.com xəbər verir ki, rəsmi İran rəhbərliyinin ABŞ-ın regiondakı hərbi mövcudluğu ilə bağlı sərt mövqe nümayiş etdirdiyini bildirib.
Onun sözlərinə görə, İranın ali rəhbəri tərəfindən verilən göstərişə əsasən, atəşkəs əldə olunsa belə ABŞ bazaları Yaxın Şərqi tərk etmədiyi halda onlara qarşı zərbələr davam etdirilə bilər. Bildirilib ki, məqsəd bu bazaların yenidən bərpasına imkan verilməməsidir.
Rəsmi həmçinin qeyd edib ki, İran rəhbərliyi ABŞ-ın bölgədəki hərbi gücünün maksimum dərəcədə zəiflədilməsi istiqamətində qərarlı mövqe nümayiş etdirir.
Açıqlamada Hörmüz boğazı ilə bağlı da iddialar səsləndirilib. Bildirilib ki, Tehran bu strateji keçidi lazım gəldiyi qədər bağlı saxlamağa hazırdır və hazırda boğaza tam nəzarət etdiyini düşünür.
Bundan əlavə, İranın sualtı pilotsuz qayıqlar və digər hərbi imkanlarının toxunulmaz qaldığı vurğulanıb. Rəsmi əlavə edib ki, zərurət yaranacağı halda Bab-ül-Məndab boğazında da hərəkətin dayandırılması imkanları nəzərdən keçirilə bilər.
Musavat.com