Məlumata görə, Moskva Ukrayna müharibəsində əldə etdiyi dron istifadə təcrübəsini Tehrana təqdim edir...
Rusiya Ukraynaya qarşı müharibə zamanı əldə etdiyi pilotsuz uçuş aparatlarının tətbiqi üzrə taktiki təcrübəni İrana ötürür.
Poliqon xəbər verir ki, bu barədə CNN telekanalı Qərb kəşfiyyatında çalışan mənbəyə istinadən məlumat yayıb.
Mənbənin sözlərinə görə, söhbət xüsusilə hava hücumundan müdafiə sistemlərini keçmək üçün istifadə olunan taktikalardan gedir. Bildirilir ki, Rusiya İran tərəfinə Yaxın Şərqdə ABŞ və Fars körfəzi ölkələrinin obyektlərinə zərbələr endirmək üçün “Şahed” tipli dronların tətbiqi ilə bağlı konkret tövsiyələr verib.
Nəşr qeyd edir ki, “Şahed” pilotsuz uçuş aparatları ilkin olaraq İranda hazırlanıb. Lakin Rusiya bu dronların seriyalı istehsalını təşkil edib və Ukraynaya qarşı müharibədə onlardan geniş şəkildə istifadə edib. Bildirilir ki, bu dronlar bəzi hallarda hava hücumundan müdafiə sistemlərini aşmaq baxımından gözləniləndən daha effektiv olub.
Qərb kəşfiyyatının nümayəndəsi bildirib ki, əvvəllər Moskvanın Tehrana ümumi dəstək göstərdiyi barədə məlumatlar yayılmışdı. Lakin hazırda konkret taktiki tövsiyələrin ötürülməsi iki ölkə arasında hərbi əməkdaşlığın daha dərin səviyyəyə çatdığını göstərir.
“Əvvəllər ümumi dəstək kimi qiymətləndirilən bu əməkdaşlıq indi daha ciddi narahatlıq doğurur. Buraya Rusiyanın Ukraynada tətbiq etdiyi pilotsuz aparatların hədəflənməsi strategiyalarının ötürülməsi də daxildir”, deyə anonim qalmaq istəyən kəşfiyyat rəsmisi bildirib.
CNN yazır ki, Rusiya ordusu Ukrayna müharibəsində “Şahed” dronlarını dalğa şəklində istifadə edib. Bu taktika bir neçə pilotsuz aparatın eyni vaxtda hücum etməsini və uçuş zamanı kurslarını tez-tez dəyişməsini nəzərdə tutur ki, bu da hava hücumundan müdafiə sistemlərinin onları tutmasını çətinləşdirir.
Eyni zamanda bildirilir ki, Ukrayna tərəfi də Fars körfəzi ölkələrinə pilotsuz aparatlara qarşı mübarizə üzrə mütəxəssislər göndərib. Məqsəd həmin ölkələrlə dron hücumlarına qarşı müdafiə təcrübəsini bölüşməkdir.
Məlumata görə, ukraynalı mühəndislər təxminən 5 min ABŞ dolları dəyərində olan kompakt dron-interseptorlar hazırlayıblar. Bu sistemlərin əsas üstünlüyü onların sürətlə istehsal oluna bilməsi və pilotsuz aparat təhdidlərinə qarşı effektiv müdafiə vasitəsi kimi istifadə edilməsidir.
Poliqon.info