1-ci Liqanın 20-ci turunda "Difai"ni 1:0 hesabı ilə üstələyən "Zaqatala" turnir cədvəlindəki mövqeyini yaxşılaşdırıb. "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov qələbəni dəyərləndirib.
Musavat.com xəbər verir ki, onun Fanat.Az-a açıqlaması belə olub:
"Komandanın yanında 5 gün olmadım. Türkiyədən gələndən sonra oyunöncəsi məşqdə iştirak etdim. Sağ olsunlar, köməkçilərim bütün tapşırıqları yerinə yetirdilər. Özləri də əlavə olaraq, mənə lazım olan məsləhəti verdilər. Komandanı oyuna koməkçilərimin təkliflərinə uyğun çıxardıq və şükürlər olsun ki, hər şey bizim istədiyimiz kimi yekunlaşdı.
Bildiyiniz kimi, bu rəqiblə əvvəlki oyunda bizə bir qədər çətin olmuşdu. Məğlub duruma düşmüş, sonra vəziyyəti dəyişərək 2:1 hesabı ilə qalib gəlmişdik. Bu dəfə 11 metrlik cərimə zərbəsi oldu və rəqib o fürsətdən istifadə edə bilmədi. Bəlkə də bu, dönüş nöqtəsi idi. Rəqib ruh düşkünlüyünə qapıldı, biz isə daha inamlı oyunla nəticə qazandıq. İlk yarıda 2 futbolçumuzu erkən əvəzləyib müəyyən dəyişiklik etməyə ehtiyac duyduq. Sağ olsunlar uşaqlar. Əlbəttə ki, işi düzgün görəndə, tapşırığı yerinə yetirəndə nəticə qazana bilirsən".