AZ

Melania Trump: “Mən heç vaxt Epşteynin təyyarəsində uçmamışam” - FOTO

Melania
ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp cümə axşamı, 9 aprel tarixində nadir ictimai çıxışlarından birini canlı televiziya efirində edərək, onun guya məhkum milyarder Cefri Epşteyn və onun şəriki Ghislaine Maksvell ilə əlaqələri barədə yayılan şayiələrə münasibət bildirib. 1news.az xəbər verir ki, o, canlı yayımda deyib: “Şərəfsiz Cefri Epşteyn ilə məni əlaqələndirən yalanlar bu gün dayandırılmalıdır”.
O əlavə edib ki, onun haqqında yalan danışan insanlar etik normalardan, təvazökarlıqdan və hörmətdən məhrumdurlar: “Onların cahilliyinə etiraz etmirəm, lakin nüfuzumu ləkələməyə yönəlmiş pis niyyətli cəhdlərini rədd edirəm”. Melaniya Tramp bildirib ki, onunla bağlı irəli sürülən ittihamlar qərəzli şəxslər və siyasi motivli strukturlar tərəfindən yayılır: “Mən və Cefri Epşteyn haqqında illərdir sosial mediada saxta görüntülər və bəyanatlar yayılır. Nəyə inandığınıza diqqətli olun. Bu görüntülər və hekayələr tamamilə yalandır”. 55 yaşlı Melaniya Tramp həmçinin onun Donald Tramp ilə məhz Cefri Epşteyn tərəfindən tanış edilməsi barədə şayiələri də təkzib edib. O bildirib ki, onların ilk tanışlığı 1998-ci ildə bir məclisdə təsadüfi olub və bu barədə onun yeni nəşr olunmuş “Melania” adlı xatirələrində də qeyd edilib. “ Mən heç vaxt Cefri Epşteyn ilə dost olmamışam. Donald və mən bəzən onun da qatıldığı eyni tədbirlərdə iştirak etmişik, çünki Nyu-York və Palm-Biç kimi yerlərdə sosial dairələrin kəsişməsi adi haldır”, — deyə o bildirib. Melaniya Tramp əlavə edib ki, Cefri Epşteyn ilə ilk dəfə 2000-ci ildə Donald Tramp ilə birlikdə qatıldığı tədbirdə qarşılaşıb və ondan əvvəl onu heç vaxt görməyib: “Onun cinayət fəaliyyəti barədə heç bir məlumatım yox idi”. O həmçinin Epşteyn işi materiallarında yer alan və Ghislaine Maksvell ilə yazışmada adının keçdiyi məktublara münasibət bildirib: “Mənim nə Cefri Epşteyn, nə də Ghislaine Maksvell ilə heç bir münasibətim olmayıb. Maksvell-in məktubuna cavabım sadəcə nəzakətli və əhəmiyyətsiz bir qeyddir”. Melaniya Tramp vurğulayıb ki, onun adı heç bir məhkəmə sənədində, ifadələrdə, zərərçəkənlərin bəyanatlarında və ya FTB-nin Epşteyn işi üzrə müsahibələrində keçməyib: “Mən heç bir şəkildə onun qurbanlarına qarşı törədilən istismarla bağlı olmamışam. Mən heç vaxt onun təyyarəsində uçmamışam və şəxsi adasına getməmişəm”. O əlavə edib ki, ona qarşı heç vaxt hüquqi ittiham irəli sürülməyib və Epşteyn cinayətləri ilə bağlı heç bir məhkumluq və ya iştirakçılıq iddiası yoxdur. Sonda Melaniya Tramp Konqresi açıq və şəffaf araşdırmalara çağırıb: “Epşteyn-in qurbanlarına ictimai dinləmələrdə ifadə vermək imkanı yaradılmalıdır. Onlar öz hekayələrini Konqres qarşısında danışa bilməlidirlər. Yalnız bu halda həqiqət tam şəkildə ortaya çıxa bilər”. Melaniya Tramp jurnalistlərin suallarını cavabsız qoyaraq zalı tərk edib.
Seçilən
21
22
1news.az

10Mənbələr