Melaniya Trampın Cefri Epşteyn qalmaqalı ilə bağlı gözlənilməz açıqlaması Donald Tramp administrasiyası üçün yeni siyasi risklər yaradıb.
Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalının analitiki Stiven Kollinson yazıb.
Məqalədə bildirilir ki, Melaniya Trampın Ağ Evin "Cross Hall" salonunda kameralar qarşısında çıxış etməsinin ən inandırıcı izahı Epşteyn ətrafındakı müzakirələri birdəfəlik bağlamaq cəhdi idi. Lakin müəllifin fikrincə, bu addım əks nəticə verə və qalmaqalı yenidən gündəmə daşıya bilər.
Melaniya Tramp çıxışında deyib:
“Mən Epşteynin qurbanı deyiləm. Epşteyn məni Donald Trampla tanış etməyib”.
CNN vurğulayır ki, son günlər ictimaiyyətdə məhz bu mövzuda geniş spekulyasiya yox idi və buna görə də birinci xanımın açıqlaması daha diqqətçəkən görünüb.
O həmçinin bildirib ki, heç vaxt Cefri Epşteynlə dost olmayıb, sadəcə özü və o vaxtkı sevgilisi Donald Tramp bəzən Nyu-York və Floridadakı sosial çevrələrdə onunla qarşılaşıblar. Melaniya Tramp “məni rüsvayçı Cefri Epşteynlə əlaqələndirən yalanlar bu gün bitməlidir” desə də, konkret hansı iddiaları nəzərdə tutduğunu açıqlamayıb.
CNN yazarına görə, Melaniya Trampın şəxsi mövqeyi onun həyat yoldaşı ilə yaxınlığı səbəbindən daha mürəkkəb görünür. Belə ki, Donald Trampın rəhbərlik etdiyi administrasiya Epşteynin qurbanları tərəfindən onların səsinin boğulmasında ittiham olunur.
Təhlildə qeyd edilir ki, Melaniya Trampın təxminən altı dəqiqə davam edən çıxışı yalnız Epşteyn mövzusuna həsr olunsa da, onun siyasi nəticələri daha geniş ola bilər. Müəllif hesab edir ki, bu çıxış Donald Trampın siyasi baxımdan həssas dövrdə olduğu bir məqamda baş verib.
CNN-in yazdığına görə, Melaniya Tramp “əsassız və dayaqsız yalanlar” ifadəsini işlədərək, 2002-ci ildə Epşteynin hazırda həbsdə olan şəriki Gisleyn Maksvelllə dostyana elektron məktublaşmasına da toxunub. Həmin yazışmada Melaniya məktubu “Sevgilərlə, Melaniya” sözləri ilə bitirib, Maksvell isə ona “sweet pea” deyə cavab verib. Birinci xanım indi bunu sadəcə “adi yazışma” və “əhəmiyyətsiz qeyd” kimi təqdim edib.
Məqalədə vurğulanır ki, Donald Tramp da Epşteynlə bağlı hər hansı qanunsuzluqda iştirakını rədd edib və onunla əlaqələri 2000-ci illərin əvvəllərində kəsdiyini bildirib. CNN yazır ki, hazırda Tramp ailəsinin hər hansı qanunsuz əmələ qarışdığına dair sübut yoxdur. Bununla belə, prezident bir çox digər nüfuzlu şəxslərlə birlikdə Epşteynin fəaliyyəti barədə nə bildiyinə dair suallarla üz-üzədir.
Müəllif diqqət çəkir ki, Melaniya Tramp bu mövzuda ilk dəfə açıq danışıb, halbuki daha əvvəl HarperCollins, demokrat strateq Ceyms Karvil və “Daily Beast”dən onu Epşteynlə əlaqələndirən cəhdlərə görə üzrxahlıq almağa müvəffəq olub.
CNN-in məlumatına görə, Ağ evin çıxışın hazırlanmasında nə dərəcədə iştirak etdiyi də aydın deyil. Məsələyə yaxın mənbə telekanala bildirib ki, Donald Tramp həyat yoldaşının danışacağını bilirdi. Ancaq prezident sonradan MSNOW-a açıqlamasında “bu barədə heç nə bilmədiyini” deyib. Məqalədə bu ziddiyyət Ağ evdə ümumi nizamsızlığın daha bir nümunəsi kimi təqdim olunur.
Stiven Kollinson yazır ki, Donald Tramp aylardır Epşteyn məsələsini demokratların “saxtakarlığı” adlandırır və ölkənin artıq bu mövzunu geridə qoymalı olduğunu deyir. Onun bu qalmaqalın davam etməsindən narazılığının səbəblərindən biri kimi ötən həftə baş prokuror Pem Bondini işdən çıxarması da göstərilir.
CNN təhlilində vurğulanır ki, Ağ ev hər dəfə qalmaqalı sakitləşdirməyə çalışanda, məsələ daha da böyüyüb. Müəllif hesab edir ki, Melaniya Trampın çıxışı da oxşar effekt verə bilər. Çünki o, bir tərəfdən marağın yersiz olduğunu deməyə çalışır, digər tərəfdən isə öz çıxışı ilə mövzunu yenidən gücləndirir.
Xüsusilə onun “hər bir qadın istəsə, öz hekayəsini ictimaiyyət qarşısında danışa bilməlidir və bu ifadə sonradan Konqres protokoluna daxil edilməlidir” sözləri diqqət çəkib. CNN yazır ki, birinci xanımın bu bəyanatı Ədliyyə Nazirliyi və Ağ ev üçün “Epşteyn mövzusunda ictimai maraq yoxdur” arqumentini müdafiə etməyi çətinləşdirə bilər.
Bununla yanaşı, Epşteynin sağ qalmış qurbanları və mərhum Virciniya Cuffrenin ailə üzvləri Melaniya Trampı məsuliyyəti federal qurumların üzərindən qurbanların üzərinə atmaqda ittiham ediblər. Onların bəyanatında deyilir ki, Tramp administrasiyası hələ də “Epstein Files Transparency Act” çərçivəsində açıqlanmalı olan sənədlərlə bağlı tam şəffaflıq göstərməyib.
Məqalədə daha sonra bildirilir ki, Melaniya Tramp özünü siyasi tələyə də sala bilər. Çünki Konqresdə demokratlar artıq onun komitədə ifadə verməsini tələb edirlər. Nümayəndələr Palatasının Nəzarət Komitəsinin üzvü Suhas Subramanyam CNN-in aparıcısı Keysi Hanta deyib ki, Melaniya Tramp həqiqətən adını təmizləmək istəyirsə, komitə qarşısında and içərək ifadə verməlidir. O, həmçinin qeyd edib ki, keçmiş birinci xanım Hillari Klinton bu il Epşteyn mövzusu üzrə ifadə verməklə artıq presedent yaradıb.
CNN yekunda yazır ki, Melaniya Trampın çıxışı Donald Tramp üçün son dərəcə həssas məqamda baş verib. Prezident bir tərəfdən Epşteyn qalmaqalı, digər tərəfdən isə İran müharibəsi ətrafında yaranmış iki paralel böhranla üzləşib və hələlik bu vəziyyətdən çıxış üçün aydın strategiyası görünmür.
Musavat.com