AZ

Dünya ÇALXALANIR - ABŞ-İran danışıqlarında güc balansı dəyişir

Çin ABŞ–İran danışıqlar prosesinə qoşulur. Qətərin "Əl-Ərəbi Əl-Cədid" qəzeti Pakistan Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən yazır ki, Çin nümayəndə heyəti İslamabadda keçirilən danışıqlarda iştirak edir. Məlumata görə, Pekin təkcə müşahidəçi kimi deyil, həm də prosesin diplomatik dəstəkçisi kimi çıxış edəcək və Pakistanın Vaşinqton–Tehran xəttində vasitəçilik rolunu gücləndirməsinə yardım göstərəcək.

Eyni zamanda bildirilir ki, danışıqlar nəticəsində hər hansı razılaşma əldə olunarsa, Çin həmin razılaşmaların icrasına zəmanət verən əsas aktorlardan biri kimi çıxış edə bilər.

Bəs Çin ABŞ–İran dialoquna qoşulmaqla hansı strateji məqsədləri güdür? Pekinin "qarant rolunu" oynaması regionda güc balansını necə dəyişə bilər? İran üçün Çin faktorunun artması hansı diplomatik üstünlüklər yarada bilər?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, ABŞ-İran danışıqlarında Çin tərəfinin iştirak etməsi prosesi daha da gücləndirən və yeni mərhələyə daşıyan mühüm məqamdır:

"Çin bu cür proseslərdə əvvəldən dolayı və ya dolayı-yaxın şəkildə iştirak edib, Pakistanın vasitəçilik roluna başladığı dövrlərdə də proseslərin Çinlə koordinasiyalı şəkildə aparıldığı müşahidə olunurdu. Yəni burada Çinin iştirakı tamamilə yeni bir hadisə deyil, amma indi daha açıq və birbaşa mərhələyə keçməsi prosesin dinamikasını dəyişə bilər".

ZEYNAL

Politoloq vurğulayıb ki, bu mərhələ danışıqların sürətini artıra bilər və ehtimal olunur ki, Çinin maraqları da bu prosesə daha açıq şəkildə daxil ediləcək:

"Çünki Çin istəyir ki, həm regional, həm də qlobal səviyyədə öz iqtisadi və siyasi maraqları bu razılaşma çərçivəsində nəzərə alınsın. Çin İrana qarşı gərgin dövrlərdə müəyyən siyasi və iqtisadi dəstək göstərib, eyni zamanda Körfəz ölkələri ilə, xüsusilə Qətərdə, çox geniş investisiya və əməkdaşlıq layihələrinə malikdir. Bu baxımdan Çin çalışır ki, həm İrandakı mövqelərini, həm də Körfəz regionundakı iqtisadi təsirini qoruyub saxlasın və daha da gücləndirsin.

Hesab edirəm ki, Çinin bu prosesdə iştirakı bir tərəfdən onun beynəlxalq güc mərkəzi kimi rolunu nümayiş etdirir, digər tərəfdən isə öz strateji maraqlarının nəzərə alınmasını təmin etməyə yönəlib. Bu amil danışıqlar prosesini gücləndirən faktor olsa da, eyni zamanda onu daha mürəkkəb və həssas mərhələyə də gətirə bilər".

Zeynal Əmrəliyevin fikrincə, nə qədər çox tərəfin marağı bu prosesə daxil olarsa, danışıqlar bir o qədər çətin və uzunsürən xarakter ala bilər. Bu isə razılaşmaya gəlmə prosesində əlavə çətinliklər yarada bilər:

"Yəni bu, kifayət qədər gərgin və çoxşaxəli bir məsələdir. Digər tərəfdən, bu proses təkcə ABŞ, İran və Çini deyil, həm də İsrailin maraqlarını birbaşa və ya dolayısı ilə əhatə edir ki, bu da əlavə çətinlik yaradan mühüm faktordur. Hər nə qədər İsrail danışıqlarda birbaşa iştirak etməsə də, regiondakı mövqeyi və təhlükəsizlik maraqları bu prosesin kənar təsir faktorlarından biri olaraq qalır.

Rusiya da birbaşa masa arxasında olmasa belə, bu danışıqlarda maraqlı və təsir gücü olan aktorlardan biridir. Bütün bu faktorları nəzərə aldıqda, Çinin prosesə daha açıq şəkildə qoşulması həm İsraili, həm də Rusiyanı öz mövqelərini daha aktiv şəkildə nəzərdən keçirməyə sövq edə bilər".

Xalidə Gəray
Musavat.com

Seçilən
58
50
musavat.com

10Mənbələr