Xabi Alonso, heç şübhəsiz, bu mövsüm Avropa futbolunda haqqında ən çox danışılan məşqçilərdən biri, bəlkə də birincisidi.
"Football-plus.az" xəbər verir ki, o, 2022-nin oktyabrının əvvəllərində “Bayer-04”ün başına keçərkən komanda düşmə zonasında, dəqiq desək, 17-ci pillədə idi. Həmin tarixdən cəmi 16 ay ötüb və bu mövsüm Leverkuzen təmsilçisi bundesliqada çempionluğa ən real namizəddi. Komanda 21 turu məğlubiyyətisz tamamlayıb və ən yaxın rəqibini 5 xal qabaqlayır. Bu yazıda 14 il əvvələ yollanacağıq. Çünki həmin vaxt da “aspirinlər” ilk baxışdan çempionluğa şığıyırdılar. Amma sonluq faciəvi alındı...
Mülleri “Bavariya”dan “oğurlamaq” mümkün olmadı
Ümumiyyətlə, futbolla yaxından maraqlananlar “Bayer-04”ün necə bəxtsiz komanda olduğunu və titullar qazanmaqda çətinlik çəkdiyini bilir. İlk dəfə 1979-da bundesliqaya yüksələn və o vaxtdan bəri elitanı tərk etməyən Leverkuzen klubu təxminən 40 ilə yaxındı Almaniya futbolunda iddialı kollektivlərdən sayılır. Komanda son 38 mövsümün 29-nu ilk “6-lıq”da, 5-ni isə ikinci pillədə başa vurub. Amma bu illər ərzində “Bayer-04” cəmi iki titul – 1987/88-də UEFA kubokunu, 1992/93-də isə Almaniya kubokunu qazana bilib. Aydın məsələdi ki, “Bavariya” Almaniyada “ağalıq edir”. Amma ayrı-ayrı illərdə “Ştutqart”, “Volfsburq”, “Verder”, Dortmund “Borussiya”sı, hətta hazırda aşağı liqada oynayan “Kayzerslautern” də çempion olub. “Bayer-04”ə isə heç vaxt çempionluq qismət olmayıb. Bura 5 finaldakı (3 ölkə kuboku, 1 ölkə superkuboku və 1 ÇL) məğlubiyyəti və 2001/02-dəki ağlasığmaz sonluğu da əlavə etsək, Leverkuzen klubuna “neverkuzen” ləqəbinin verilməsinin səbəbi aydın olur. “Never” ingilis dilindən tərcümədə “heç vaxt” mənasını verir. 2001/02-də bu komanda sona 3 tur qalmış 5 xallıq (!) üstünlüyü əldən verməyə özündə “məharət” tapmışdı. Haqqında bəhs edəcəyimiz 2009/10 mövsümü də sanki bu komandanın üzərində bir lənətin olduğunu sübut edir. Ona görə də bu mövsüm artıq “Bavariya”nın hegemonluğuna son qoyulacağını düşünənlər hələ tələsməsin...
Komanda 2009-un yayını çox yaxşı keçirərək yeni mövsümə güclü hazırlaşmışdı. Stadionda yenidənqurma işləri tamamlanmış, baş məşqçi postuna isə 11 il öncə “Real”ın Çempionlar Liqasında 32 illik həsrətinə son qoyan Yup Haynkes gətirilmişdi. Müdafiəyə təcübəli Sami Hyuypiya, yarımmüdafiəyə 19 yaşlı Toni Kroos və 20 yaşlı Lars Bender kimi istedadlı gənclər cəlb edilmişdi. Hücum xətti o dönəmdə böyük gələcək vəd edən 21 yaşlı Ərən Dərdiyokla gücləndirilmişdi. Hərçənd bu futbolçunun yerinə Leverkuzenə Tomas Müller də yollana bilərdi. Bəli, söhbət artıq “Bavariya”nın əfsanəsinə çevrilmiş futbolçudan gedir. Haynkes onu komandasında görməyi çox istəyirdi. Həmin an bu transfer mümkünsüz görünmürdü. Çünki 2009-un yayında Tomasın bundesliqada cəmi 29 dəqiqəlik oyun təcrübəsi var idi. Haynkesi dinləyək: “Birbaşa “Bavariya”nın məşqçilər korpusunda yer alan Hermann Gerlanda zəng vuraraq Toması onlardan götürmək istədiyimi dedim. O isə cavabında “sən dəli olmusan? Artıq Lui van Qalla Tomas haqda söhbət etmişəm. Əla futbolçudu və bu mövsüm ona daha çox şans veriləcək” dedi”. Maraqlıdı ki, Münhen nəhəngi Müllerdəki inadkarlığı Kroosda sərgiləmədi və onu Leverkuzenə buraxmağa razı oldu. İllər sonra Toni bunu həmin yay aldığı zədə ilə əsaslandırmışdı: “Tam sağlam olsaydım, düşünmürəm ki, “Bavariya” məni buraxardı. Aydın məsələ idi ki, formaya düşmək üçün mənə vaxt lazım olacaq. Onsuz da o ana qədər elə də çox şans qazanmırdım. Ona görə də hər şey elə alındı ki, məni Leverkuzenə buraxdılar”. Bir qədər irəli gedərək qeyd edək ki, həm Kroos, həm də Müller 2009/10-u əla keçirdi. Toni 9 qol, 12 ötürmə, Tomas isə “13+11” ilə yadda qaldı. Həmin “Bayer-04”ün yarımmüdafiəsində Trankilyo Barnetta, Arturo Vidal kimi futbolçular var idisə, qapını Rene Adler qoruyurdu. İrəlidə Ştefan Kisslinq “torba-torba” qollar vururdu. Əvvəlki mövsümü 21 qolla tamamlayan Patrik Helmes isə zədə üzündən bir neçə aylığa sıradan çıxmışdı.
Güclülərlə heç-heçə, zəiflərlə qələbələr
Mövsümə “Maynts-05”ə qarşı 2:2-lik bərabərliklə başlayan “Bayer-04” növbəti 4 turda xal itirmədi. Ölkə kubokunda çox irəliləmək mümkün olmadı. Artıq sentyabrda, daha dəqiq desək, 1/16 finalda 2-ci bundesliqa təmsilçisi “Kayzerslautern” ilə səfər oyununda 1:2 hesablı məğlubiyyət qeydə alındı. Halbuki komanda kubokun son finalçısı statusunda idi. O dönəmdə “aspirinlər” avrokuboklarda oynamırdılar. Ona görə də bütün diqqət yalnız bundesliqa matçlarına yönəldi. 9-cu turdan sonra rəqiblər “Bayer-04”ün tempinə tab gətirə bilmədilər və komanda ilk dəfə liderliyə yüksəldi. Leverkuzenlilər bu pilləni düz növbəti ilin yazına qədər əldən vermədilər. Düzdü, paralellər aparsaq, etiraf etməliyik ki, 14 il əvvəlki “Bayer-04”ün oyunu parlaqlıq baxımından indiki komandadan geri qalırdı. Sadəcə, Haynkesin kollektivi nə istədiyini gözəl bilirdi. Həmin “aspirinlər” iddialı rəqiblərlə (“Bavariya”, “Verder”, “Hamburq”, “Borussiya” D, “Şalke-04”) oyunlarda heç-heçələri, nisbətən zəif rəqiblərlə oyunlarda isə qələbələri sıralayırdı. İlk dövrədə Münhen səfəri 1:1-lik heç-heçə ilə yekunlaşdı. O matçda Vidalın ötürməsini Kisslinq qola çevirdi. Nəticədə komanda tarixində cəmi 2-ci dəfə ilk dövrəni zirvədə tamamlayaraq qış çempionu oldu! Cari mövsüm Alonso ilə 3-cü belə hal yaşandı. İlk hal isə artıq haqqında bəhs etdiyimiz məşhur 2001/02-də yaşanmışdı. 17 turdan sonra “Bayer-04” uduzmayan (9 qələbə, 8 heç-heçə) yeganə komanda, eləcə də ən çox qol vuran (“Şalke-04“ ilə birlikdə) və ən az qol buraxan kollektiv statusunda idi. Dekabrda kapitan Simon Rolfes Haynkesin bu uğurdakı rolunu bu sözlərlə qeyd etmişdi: “O, çox güclü liderlik keyfiyyətlərinə malikdi. Yeri gələndə sərt, yeri gələndə yumşaq olmağı, bu ikisinin arasında balans tapmağı bacarır”. Kroos haqda çəkilmiş sənədli filmdə isə futbolçunun anası Birgit həmin komandanı belə xatırlamışdı: “Atmosfer çox yaxşı idi. Hamı bir-biri ilə dostluq edirdi. Axşamlar tez-tez görüşüb birlikdə qril bişirirdilər. Yəni bu klubdakı ab-hava “Bavariya”da olan ab-havadan qat-qat yaxşı idi”.
Çempionluq arzuları puç oldu
Komanda ikinci dövrəyə də inamlı başladı. Növbəti 5 turda 4 qələbə, 1 heç-heçə əldə olundu. İndi “Bayer-04” fanatları 21 turu məğlubiyyətsiz başa vurmağı böyük qəhrəmanlıq hesab edirsə, Haynkesin çalışdırdığı komanda bir qədər də irəli gedərək 24 turu məğlubiyyətsiz tamamlamışdı (13 qələbə, 11 heç-heçə). Mövsümün böyük hissəsi artıq geridə qaldığından yavaş-yavaş çempionluq haqda söz-söhbət də baş qaldırırdı. “Şpigel” nəşrində “Əldən çıxan titullar unudulur, yeni arzular yaranır” sərlövhəli geniş yazı dərc olundu. Qapıçı Adler isə özünə əmin idi: “Biz “çempionluq” sözünü dilimizə gətirməkdən çəkinmirik. Liderliyi başımızla, əlimizlə və ayağımızla qorumağa çalışacağıq”. Elə Haynkesin sözlərindən də onun gələcəyə ümidlə baxdığı hiss olunurdu: “İkinci dövrəni də yaxşı keçiririk və öz gücümüzə inanırıq. Rəqiblər üçün bizi zirvədən endirmək çox çətin olacaq”. Yalnız komandada 5-ci mövsümünü keçirən təcrübəli Simon Rolfes təmkinli danışaraq iddialı açıqlamalar verməyin tez olduğuna işarə vurmuşdu: “Əlbəttə, yüksək pillələrdən birini tutmaq üçün yaxşı potensialımız var. Amma bu işdə arzularla yaşamaq düzgün deyil. Əvvəlki illərdə “Bayer-04”ün başına dəfələrlə bir çox uğursuz hadisə gəlib”.
Əslində enişin əsası 23-cü turda qoyuldu. Komanda Bremendə 90-cı dəqiqəyə 2:1 öndə daxil olsa da, qələbə hesabını qoruya bilmədi. Per Mertezaker 92-ci dəqiqədə hesabı 2:2 etdi! Oyundan sonra Manuel Fridrixin “adətən, məğlubiyyətdən sonra hansı hissləri yaşayıramsa, indi də həmin hissləri yaşayıram” sözləri diqqəti çəkdi. Düzdü, həmin turu “Bavariya” da xal itkisi ilə başa vuraraq Nürnberqdə 1:1-lik bərabərliklə kifayətləndi. 23-cü turdan sonra hər iki komandanın hesabında 49 xal var idi. “Bayer-04” yalnız top fərqində minimal (+1) üstünlüyə malik idi. 24-cü turda evdə “Köln”ün müqavimətini qırmaq mümkün olmadı (0:0). “Bavariya” isə “Hamburq”u minimal hesabla məğlub edərək “aspirinlər”i zirvədən sıxışdırdı. 25-ci tur sonun başlanğıcı oldu. “Bayer-04” Nürnebrqdə yalnız hesab 0:3 olduqdan sonra yuxudan ayıldı. Qalan vaxtda fərqi minimuma endirməklə kifayətlənməli olan “Bayer-04” mövsümdə ilk məğlubiyyətlə üzləşdi. Təsəvvür edin ki, mövsümün həlledici məqamında, yəni son 10 turda komanda 5 dəfə məğlub olduğu halda, cəmi 2 (!) qələbə qazandı. Məhz həmin dönəmə “Bavariya” ilə ev oyunu təsadüf etdi və Vidalın qolu sayəsində yenə heç-heçə qeydə alındı. Mövsümün sonunda “Bayer-04” heç “vitsekuzen” də ola bilmədi. Komanda “Şalke-04” ilə “Verder”i də özündən irəli buraxaraq 4-cü pillə ilə kifayətlənməli oldu və hətta ÇL-in təsnifat mərhələsində də vəsiqə qazana bilmədi!
O vaxt Almaniya futbol ictimaiyyəti finiş xəttindəki fiaskonu oyunçuların təcrübəsizliyi ilə əlaqələndirdi. Həqiqətən də heyətin böyük əksəriyyəti gənclərdən ibarət idi. Məsələn, “Bavariya” ilə ikinci dövrədəki oyunun start heyətində 25 yaşdan yuxarı yalnız bir futbolçu – 29 yaşlı Manuel Fridrix var idi. 35 yaşlı Hyuypiya həmin oyunu buraxırdı. Komanda rəqibləri özündən irəli buraxdıqdan və təzyiq yaşamağa başladıqdan dərhal sonra belə desək, töküldü. Bəs görəsən, Alonsonun komandası indiki tempi sona qədər qoruya biləcəkmi?
ƏLİ RAUFOĞLU
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta