Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən “Qarabağ” Azərbaycan çempionatlarında 350-ci “quru” hesablı qələbəsini qazanıb.
Arena.az bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir.
Bildirilir ki, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 10-cu turunun “İmişli” ilə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub.
Ağdam klubu ölkə çempionatlarında 350-ci “quru” hesablı qələbəsini 2 cavabsız qolla qazanıb.
Ağdam təmsilçisi 202 dəfə evdə, 145 dəfə səfərdə, 3 dəfə neytral meydanda qol buraxmadan qalib gəlib. Ağdamlıların ilk belə qələbəsi 1992-ci il mayın 6-da “Şirvan”la ev matçına (6:0) təsadüf edib. “Quru” hesablı qələbələrdən beşi cari mövsümdə qeydə alınıb.
Xatırladaq ki, “Neftçi” 319, “Şamaxı” 186, “Kəpəz” 150, “Bakı” 147, “Turan” 145 görüşdə qol buraxmadan xal itirməyib.
                        
