Almaniyanın “Ayntraxt” (Frankfurt) klubunun azarkeşləri İspaniya çempionu “Barselona”nın “Kamp Nou” stadionuna zərər vurublar.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.
Sözügedən komandalar dekabrın 9-da UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turu çərçivəsində Kataloniyada üz-üzə gəliblər. Oyunda hesabı 21-ci dəqiqədə Almaniya təmsilçisi açsa da, meydan sahibləri 50-ci və 53-cü dəqiqələrdə vurduğu qollar sayəsində əzmkar qələbəyə sevinib – 2:1.
“Ayntraxt” azarkeşləri bu matçda özlərini heç də nümunəvi aparmayıblar. Belə ki, qonaq tərəfdarlar yeni təmirdən çıxmış bu stadionun oturacaqlarının dərisini cırmaqla yanaşı, 7 məşəl yandıraraq meydana tərəf atıblar. Bundan başqa, onlar tualetlərin arakəsmə divarlarını dağıdıblar.
Xoşagəlməz hadisəyə görə bir çox yerli azarkeş yerlərini erkən tərk etmək məcburiyyətində qalıb. Polis asayişi pozan şəxsləri dərhal stadiondan uzaqlaşdırıb.
“Barselona” UEFA-ya dəymiş ziyanı ətraflı şəkildə əks etdirən hesabat təqdim edib. İspaniya klubu təzminat tələb etmək niyyətindədir.
