“Çelsi”yə rəhbərlik edən italiyalı futbol mütəxəssisi Entso Mareska İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı məşqçisi seçilib.
Arena.az bu barədə İngiltərə Premyer Liqasının rəsmi saytına istinadən məlumat verir.
Mareskalı “Çelsi” noyabr ayında Premyer Liqa çərçivəsində keçirdiyi 4 oyunun üçündə qələbə qazanıb.
İtaliyalı mütəxəssis səsvermədə Mikel Arteta (“Arsenal”), Unai Emeri (“Aston Villa”), Xosep Qvardiola (“Mançester Siti”), Fabian Hürtseler (“Brayton”) və Marko Silva (“Fulhem”) kimi məşqçiləri geridə qoyub.
Mareska karyerasında ikinci, cari mövsümdə isə ilk dəfə Premyer Liqada ayın ən yaxşı məşqçisi mükafatını alır. O, 2024-cü ilin sentyabrında da oxşar mükafata layiq görülmüşdü. Cari mövsümdə ilk belə mükafat “Liverpul”u çalışdıran Arne Slota verilmişdi. Niderlandlı mütəxəssis avqust ayının ən yaxşısı elan edilmişdi. Sentyabrda “Kristal Pelas”ı çalışdıran Oliver Qlasner, oktyabrda isə “Mançester Yunayted”ə rəhbərlik edən Ruben Amorim ən yaxşı seçilmişdi.
Xatırladaq ki, Entso Mareska 2024-cü ilin yayından “Çelsi”yə rəhbərlik edir. “Zadəganlar” bu mütəxəssisin rəhbərliyi altında 87 oyun keçiriblər, 53 qələbə, 14 heç-heçə, 20 məğlubiyyət görüblər.
İtaliyalı mütəxəssis əvvəllər “Lester Siti”, “Parma” və “Mançester Siti”nin U-23 komandasında da baş məşqçi olub.
