AZ

Qaradağda 2 nəfərin ölümü, 11-nin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma başlanıb  – YENİLƏNİB 3

Bakı, 25 dekabr, AZƏRTAC

Dekabrın 25-də Qaradağ rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Araşdırmalarla müəyyən edilib ki, “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri və hüquqi qiymətləndirmə təyin olunmuş avtotexniki ekspertizanın rəyinə uyğun olaraq müəyyən ediləcək.

“Qəza nəticəsində həyatını itirənlərin yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik”, - deyə məlumatda bildirilib.

14:12

Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində iki avtobus toqquşub.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi və Kliniki Tibbi Mərkəzdən AZƏRTAC-a verilən məlumata görə, Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 11 nəfərə (4-ü qadın, 7-si kişi) bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.

Bildirilib ki, pasiyentlərə ilkin tibbi yardım göstərildikdən sonra KT müayinəsi icra edilib.

Hazırda pasiyentlərdən 3 nəfərin vəziyyəti ağır, 5-nin vəziyyəti stabil olaraq qiymətləndirilir. 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

12:03

Bu gün saat 09:00 radələrində Bakı-Qazax avtomobil yolunun Qaradağ rayonu ərazisindən keçən 46-cı kilometrliyində toqquşma hadisəsi qeydə alınıb.

Bu barədə AZƏRTAC-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.

Bildirilib ki, “Suzuki” markalı avtobus qarşıda gedən S.Mustafayevin idarə etdiyi “Mercedes” markalı avtobusla toqquşub. Hadisə nəticəsində “Mercedes” markalı avtobusda olan sərnişinlərindən 2 nəfər hadisə yerində həyatını itirib.

Faktla bağlı cinayət işi açılıb, istintaq hərəkətləri aparılır.

11:42

Dekabrın 25-i saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonundan yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış qeydə alınıb.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.

Bildirilib ki, çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.

Hadisə yerində xəsarət alan 9 nəfərə (4 qadın, 4 kişi və 1 uşaq) təcili tibbi yardım briqadası tərəfindən zəruri tibbi xidmət göstərilib və Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. 2 nəfərin (kişi və qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.

Seçilən
23
14
azertag.az

10Mənbələr