“Bir çox Avropa ölkəsinin kəşfiyyat orqanları açıq şəkildə Ukrayna müharibəsinin daha 4-5 il davam etməsinin vacibliyindən danışır. Onların fikrincə, Avropa ölkələri yalnız bu müddət ərzində Rusiya ilə açıq döyüşlərə girməyə hazır olacaq. O zamana qədər isə Ukrayna Rusiya ilə savaşmalı və Moskvanın başını qatmaqla bərabər, həm də onu yaxşıca zəiflətməlidir”.
Bunu politoloq Heydər Oğuz bildirib.
O qeyd edib ki, 2022-ci ilin 24 fevralında Rusiya Ukraynaya hücum edərkən və bu müharibənin bir neçə günə başa çatacağı, yəni Rusiyanın işğalı tamamlayacağı iddiaları yayılanda müharibənin 2030-cu ilə qədər davam edəcəyini proqnozlaşdırıb: “Mən bu proqnozu Avropa Birliyinin Rusiyadan aldığı neft və qaz məhsulları ilə bağlı proqrama əsasən vermişdim. Həmin proqramlarda Rusiyadan alınan enerji daşıyıcılarından tam şəkildə yalnız 2030-cu ildə imtina ediləcəyi planlaşdırılır. Bu məntiqlə müharibənin də 2030-cu ilə qədər davam edəcəyi təxmin edilirdi”.
Politoloq vurğulayıb ki, bu günlərdə “World Politics Review”də yayımlanan bir məqalədə də Ukrayna savaşının ən azı 2029-cu ilə qədər davam edəcəyi bildirilib: “CNN və “Vaşinqton Post” kimi nüfuzlu informasiya kanallarının da əməkdaşı olan Frida Gitis yazır: “Müharibənin 2028-ci ilə qədər başa çatacağı ehtimalı azdır, ona görə də AB artıq 2029-cu ilə qədər Kiyevin maliyyəsini gücləndirmək üçün əlavə 117 milyard dollarlıq kredit paketi planlaşdırır”.
Belədirmi? Ukraynada müharibə daha 3 il uzanacaq?
![]()
Hərbi ekspert Rövşən Məhərrəmov Musavat.com-a deyib ki, Ukrayna müharibəsinin “gələn il bitməyəcəyi” ilə bağlı deyilənlər emosional səslənsə də, tamamilə əsassız da deyil: “Amma bu cür proqnozlara bir qədər soyuq başla, hərbi reallıqlar prizmasından yanaşmaq lazımdır. Məsələni 3 əsas faktor müəyyən edir. Bunlar cəbhədə vəziyyət, resurslar və siyasi iradədir. Birincisi, cəbhədə vəziyyət dalana dirənmiş xarakter alıb. Rusiya-Ukrayna müharibəsi sürətli müharibə mərhələsini keçib və uzunmüddətli aşındırma savaşına çevrilib.
Bu tip münaqişələrdə tərəflərdən heç biri qısa müddətdə həlledici üstünlük əldə edə bilməyəndə, müharibə avtomatik olaraq illərlə uzanır. Resurs məsələsinə gəldikdə, Rusiya böyük insan və xammal ehtiyatına malikdir, Ukrayna isə Qərbin hərbi və maliyyə dəstəyi ilə ayaqda qalır. Burada kritik məqam ondan ibarətdir ki, nə Moskvanın resursları tükənib, nə də Qərb Kiyevi tək buraxmaq niyyətindədir. Bu balans pozulmayınca, müharibənin tez bitməsi real görünmür. Ən vacib məqam isə siyasi iradədir. Nə Kreml geri çəkilməyə hazırdır, nə də Kiyev ərazi güzəştinə razıdır. Bu isə o deməkdir ki, diplomatik həll üçün hələ ciddi zəmin formalaşmayıb”.
Hərbi ekspert deyib ki, müharibələr adətən ya cəbhədə qəti qələbə ilə, ya da tərəflərin siyasi kompromisi ilə bitir: “Hazırkı mərhələdə isə hər iki variant zəif görünür. Avropa ölkələrinin 4-5 il hazırlıq tezisi isə daha çox strateji planlaşdırma ilə bağlıdır. Bu, müharibənin mütləq o qədər davam edəcəyi anlamına gəlmir, amma Qərbin uzunmüddətli ssenariyə hazırlaşdığını göstərir. Yəni, ən pis ehtimal əsas götürülür”.
Ekspertin fikrincə, enerji faktoru ilə bağlı deyilənlər də müəyyən məntiq daşıyır, amma bu, müharibənin müddətini avtomatik müəyyən edən amil deyil: “Enerji siyasəti ilə hərbi-siyasi qərarlar paralel gedir, biri digərini tam diktə etmir. Rusiya-Ukrayna müharibəsinin 2027-2029-cu illərə qədər uzanması mümkündür, amma bu, qaçılmaz ssenari deyil. Əgər cəbhədə ciddi dönüş baş versə, yaxud böyük güclər arasında siyasi razılaşma əldə olunsa, proses daha tez başa çata bilər. Müharibənin yaxın 1-2 ildə bitməsi ehtimalı zəif, amma 5-6 il davam etməsi də hələlik qəti hökm kimi qəbul olunmamalıdır. Bu baxımdan dəqiq proqnoz vermək çətindir”.
E.Məmmədəliyev,
Musavat.com