Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın açıqlamasına görə, akkreditə olunmuş bütün xarici diplomatik nümayəndəliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə nota göndərilib.

Notada deyilir: "4 may 2026-cı ildə Rusiya Müdafiə Nazirliyi Kiyev rejiminin bütün ruslar üçün müqəddəs bayram - Böyük Vətən Müharibəsində Qələbə Günündə Moskvaya zərbə endirməklə bağlı təhdidləri ilə bağlı rəsmi açıqlama yayıb. Rusiya Xarici İşlər Nazirliyi ölkənizin hakimiyyətini təşkilatınızın rəhbərliyini bu açıqlamaya son dərəcə məsuliyyətlə yanaşmağa və Kiyev rejimi 9 May Qələbə Günü şənlikləri zamanı cinayətkar terror planlarını həyata keçirərsə, Rusiya Silahlı Qüvvələrinin Kiyevə, o cümlədən qərar qəbuletmə mərkəzlərinə qarşı cavab zərbəsi endirməsinin qaçılmaz olduğunu nəzərə alaraq diplomatik və digər missiya heyətinin, eləcə də vətəndaşların Kiyevdən vaxtında təxliyəsini təmin etməyə çağırır".
Bu çağırış Ukraynanın 9 May qələbə günü Moskvadakı şənliklər keçiriləcək ünvanlara zərbə endirəcəyi barədə Rusiyanın əlində dəqiq məlumatlar olmasından irəli gəlir, yoxsa hər ehtimal üçün qabaqlayıcı məqsəd güdülür?
Politoloq Oqtay Qasımov Musavat.com-a bildirib ki, Zaxarovanın müraciəti 9 Mayda Moskvada keçiriləcək parada Ukraynanın dron zərbələri endirəcəyi narahatlığından qaynaqlanır.
“Xüsusən son günlər Ukrayna Silahlı Qüvvələrinin Moskva daxil, Rusiyanın dərinliklərinə zərbələr endirməyə başlaması narahatlığı artırıb. Artıq bu zərbələr paytaxta endirilir. Bu da Moskvanı həssas duruma gətirir. 9 May paradı ilə bağlı bir günlük atəşkəs elan edib. Zelenski də atəşkəs elan edib. Buna baxmayaraq fikirlər səslənir ki, Ukrayna həmin günü Moskvanı hədəfə ala bilər. Məhz bu səbəbdən Rusiya belə bir nota paylaşıb”,_ deyə ekspert söyləyib.

Onun sözlərinə görə, bu, Ukraynanı çəkindirmək və gələcəkdə onun mülki obyektlərinə zərbə endirmək üçün əsas yaratmaq üçündür: “Ukrayna 9 Mayda zərbə endirməyəcək və Rusiyaya bəhanə verməyəcək. Onsuz da Rusiya bəhanə axtarır ki, Ukraynanın böyük şəhərlərinə, xüsusən Kiyevdə mühüm strukturlara zərbə endirsin. Düşünmürəm ki, Zaxarovanın çağırışı dəqiq informasiya əsasında səsləndirilən çağırışdır”.
Etibar Seyidağa,
Musavat.com